“Prezidentin keçirdiyi müşavirədə açıqlanan faktlar və rəqəmlər ölkədə sosial-iqtisadi inkişafın düzgün istiqamətdə getdiyini göstərir”.
Bunu “Sherg.az”a açıqlamasında “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib.
İqtisadçı ekspert bildirib ki, dövlət proqramları və iqtisadi siyasətin nəticəsində həm iqtisadi fəallıq yüksəlir, həm xarici ticarətin həcmi çoxalır, həm də dövlət büdcəsinin gəlirləri artır:
“Bunun nəticəsi olaraq da sosial müdafiə güclənir, pensiya və maaşlar artır. Eyni zamanda yoxsulluğun həcmi azalır və məşğulluq artır. Bu il sosial xərclər xeyli artırılıb və maaş-pensiya həcmi ən yuxarı həddə çatıb. Aztəminatlı və güzəştli təbəqələrə sosial müvainətlər və yardımlar artırılıb, minlərlə insan mənzillə, avtomobillə təmin olunub. Bütün bunlar onu göstərir ki, ölkəmiz dünyanın sosial dövlətlərindən birinə çevrilir”.
Ekspertin sözlərinə görə, cənab Prezident bu müşavirədə əldə olunan nailiyyətlər və uğurlarla yanaşı, həll olunmamış xeyli problemə də toxunub:
“Dövlət başçısının çıxışı göstərdi ki, respublikadakı irili-xırdalı bütün problemlər Prezidentin nəzarətindədir. Hökumət orqanları müşavirədə deyilən nöqsanları aradan qaldırmalı, proplemləri həll etməlidir. Bunun üçün hər cür imkanlar var. Hər şeyi birbaşa dövlət başçısı deməli və etməli deyil. Hökumət öz işinə daha peşəkar və məsuliyyətli yanaşmalıdır. Hər kəs öz borcunu vicdanla yerinə yetirərsə, qısa zamanda bütün problemlər həllini tapar. Nəticədə Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilər. İnanıram ki, belə də olacaq”.