“Ödənişli təhsil yalnız özəl universitetlərdə qalmalıdır” – MÜHÜM TƏKLİF

Nazim Bəydəmirli: “Ümid edirəm ki, yaxın zamanlarda dövlət universitetlərimiz tələbələrə ödənişsiz əsaslarla təhsil verəcək”

“Universitetlərimizin ödənişli olmasının nə iqtisadiyyata, nə də təhsilə müsbət təsiri var”.

Bu barədə “Sherg.az”a Universitetlərdə təhsil haqlarının yüksək qoyulmasına münaisbət bildirərkən iqtisadçı- ekspert Nazim Bəydəmirli bildirib. 

Onun sözlərinə görə, Azərbaycan sovet təhsil sistemindən hələ də qurtula bilməyib:



“SSR dövründə universitetlərə müxtəlif sayda plan yerləri verilirdi və onun əsasında da tələbə qəbulu aparılırdı. Bu tendensiya hazırda da belədir. Hesab edirəm ki, plan yerləri götürülməlidir. Və dövlət universitetləri büdcədən maliyyələşdiyi üçün Azərbaycan vətandaşları ödənişli oxumamalıdır. Fikrimcə, bu istiqamətdə təhsil islahatları aparılmalıdır.

Ölkədə ödənişli təhsil yalnız özəl universitetlərdə qalmalıdır. Çox zaman universitetlər keçid ballarını aşağı salır,  lakin ödənişli təhsillə bağlı heç bir güzəşt etmir.

Valideynlər övladlarına təhsil vermək üçün borc götürüb ödəniş verir. Amma bütün bunların nə iqtisadiyyat, nə də təhsil üçün xeyri var. Əksinə hər iki sahəyə mənfi təsir edəcək. Bütün bu faktorlara görə Azərbaycan universitetləri dünya reytinqində heç vaxt yer tuta bilməyib. Doğrudur, təhsil sahəsində bəzi islahatlar aparılıb. Lakin bunlar kifayət etmir.

Çünki keçid balları aşağı olsa da, ödənişsiz yerlərin sayının az olması və ödənişin həcminin yüksək qoyulması ölkədə təhsili zəiflədir. Sırf bu səbəblərdən dolayı hər il xeyli abituriyent xaricdə təhsil almağa üstünlük verir”. 

N.Bəydəmirli onu da bildirib ki, çox hallarda valideynlər borca girərək övladlarına təhsil verir:

“Dörd il müddətində iki-üç min manat arası həcmdə ödəniş verən valideynin uşaqlarının təhsil xərci bununla bitmir. Bildiyimiz kimi, Azərbaycan universitetlərinin əksəriyətinin yataqxanası yoxdur.

Tələbələr məcburdur ki, paytaxtdan yüksək qiymətə kirayə ev tutsun. Bütün bunlar da ölkədə təhsilin keyfiyyətini azaldır. Fikrimcə, bu fonda təhsil islahatları davam etməlidir. Ümid edirəm ki, yaxın zamanlarda dövlət universitetlərimiz tələbələrə ödənişsiz əsaslarla təhsil verəcək”.