Kirayə mənzillərin qiyməti bahalaşıb ? - AÇIQLAMA 

“Kirayə mənzillərin qiymətinin yüksək dinamikası ölkədəki universitetlərin yataqxanasının olmaması ilə bağlıdır”.

Bu barədə “Sherg.az”a kirayə evlərin qiymətinin yüksəlməsi haqda danışarkən mənzil məsələləri üzrə ekspert Nüsrət İbrahimov bildirib.
Onun sözlərinə görə, avqust ayının əvvəlindən bazarda qiymət artımı müşahidə olunur:


“Kirayə mənzillərin qiymətinin yüksək olması bazar dinamikasından asılıdır. Hazırda kirayə mənzil bazarında tələb yüksəkdir. Yüksək tələb də mənzillərin qiymətini artırır. İlin bu vaxtı tələbələr kirayə ev axtarır.
Bununla bağlı olaraq kirayə evlərin qiyməti hər ötən gün bahalaşır. Hazırda kirayə mənzillərin qiymətinin yüksək olmasından daha çox tələbələrin valideynləri narazılıq edir.
Lakin bu məsələnin başında universitetlərimiz durur. Çünki paytaxda yerləşən universitetlərin əksəriyyətinin yataqxanası yoxdur. Xarici ölkələrdə olan ali təhsil müəssisələrinin öz yataqxanaları olur.
Tələbələr də rahatlıqla orada qalır. Lakin Azərbaycanda universitetə qəbul olan tələbə düşüb qapı-qapı kirayə ev axtarır. Əvvələr Sovet hakimiyyəti vaxtı hər universitetin öz yataqxanası vardı.
Amma 1990-cı ildən sonra həmin yataqxanalar qaçqınlara verildi. Sonra da yeni yataqxanalar inşa edilmədi. Fikrimcə, ali təhsil müəssisələri bu problemlərini həll etməlidir”.