Yarım milyonla Azərbaycana gələnlərə yaşamaq icazəsi veriləcək

Amma təkcə iqtisadi deyil, elm sahəsini də düşünməliyik

Bəlkə onlar 500 min manat sərmayə yatıra bilməyəcəklər, amma elmimizə töhfə verəcəklər. Məncə, bunu düşünməliyik


Miqrasiya Məcəlləsinə yeni dəyişiklik edilib. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib. Xəbərdə bildirilir ki, sahibkarlıq fəaliyyəti ilə məşğulolma əsası ilə yaşama icazəsi alan şəxslər 180 gündən çox ölkə ərazisindən kənarda olduqda onlara daimi yaşama icazələrinin ləğv edilməsi qaydası dəyişir. Bundan sonra Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğulolma əsasında yaşama icazəsi alan şəxslər bir il müddətində ölkəmizdən kənarda olsalar belə onların yaşama icazəsi qüvvədə qalacaq. Əvvəlki qanunvericilikdə isə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün Azərbaycanda yaşama icazəsi alanlar 180 gündən çox ölkə hüdudlarından kənarda olduqda, onların bu icazəsi qüvvədən düşürdü. Bu isə əcnəbi sahibkarların haqlı narazılığına səbəb olurdu.

Azərbaycanda da onların sahibkar kimi dünyanın əksər ölkələrinə işlə bağlı səfər etməli olduqları nəzərə alınaraq, bu tələb aradan qaldırılır. Həmçinin bundan sonra ölkə iqtisadiyyatına 500 min manat məbləğində investisiya yatıran şəxslər də bir il müddətində ölkəmizdən kənarda olsalar belə, onların yaşama icazəsi qüvvədə qalacaq. Növbəti illərdə onlar Azərbaycan iqtisadiyyatına yatırdıqları 500 min manat sərmayəni geri götürməsələr, bu hüquqlarından istifadə edə biləcəklər.



İqtisadçı Fuad İbrahimov “Sherg.az”a açıqlamasında bildirdi ki, Miqrasiya Məcəlləsinə edilən dəyişiklik Azərbaycanın qapalı deyil, açıq ölkə siyasəti yürütdüyünü göstərir: 

- Müxtəlif ölkələrin, istər iqtisadi cəhətdən inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrin qanunvericiliyində belə güzəştlər mövcuddur. Bu da ölkəyə  investisiya cəlbi ilə bağlıdır. Bizdə bunu hələ ki, yalnız sahibkarlıq fəaliyyəti ilə bağlayırlar, investisiya cəlbi üçün imkanların genişlənməsinə şərait yaradırlar. Miqrasiya Məcəlləsinə edilən dəyişiklik o deməkdir ki, xarici investorların oturum izni, viza problemində üzləşə biləcəkləri bürokratik əngəllər artıq aradan qalxır, ölkəmizdə qanunlar artıq buna imkan verir, qapımız açıqdır.

Amma vəsaitlərin yaranma səbəbləri mütləq göstərilməlidir. Çünki bu dəqiqə dünyada çirkli pulların yuyulması, silah, narkotik alveri ilə məşğul olanlar da çoxdur. Qanunun yumşalmasından istifadə edib niyyətlərini həyata keçirməsinlər.

Azərbaycan hökuməti biznes mühitində sözünü demiş adamlar üçün imkanlar yaradır. Mən istərdim ki, bu cür güzəştlər təkcə investisiya yatıranlara deyil, məsələn, elm adamlarına da şamil edilsin. Çünki hazırda dünyada ən perspektivli investisiya elmə, kadrlara qoyulan investisiyadır. Azərbaycanın geosiyasi vəziyyəti investorlara yol açır.

Amma təkcə iqtisadi deyil, elm sahəsini də düşünməliyik. Dünyaca məşhur alimlər, elm adamları gəlib Azərbaycanda elmi fəaliyyət göstərmək, elmi araşdırmalar aparmaq istəyər. Bəlkə onlar 500 min manat sərmayə yatıra bilməyəcəklər, amma elmimizə töhfə verəcəklər. Məncə, bunu düşünməliyik.