Deputat: "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl xarakter daşıyır"

“Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl xarakter daşıyır”. Bu fikri Sherg.az-a millət vəkili Sona Əliyeva deyib.

Deputat qeyd edib ki, ölkəmizdə 2019-cu ilin əvvəlindən böyük sosial paketin icrası aktiv fazaya daxil olub. Onun sözlərinə görə, ilin əvvəlindən dövlət başçısı bilavasitə ölkə vətəndaşlarının həyat səviyyəsinin daha da yüksəldilməsinə, onları narahat edən müxtəlif sosial məsələlərin həllinə yönələn xeyli sayda Fərman və sərəncamlar imzalayıb: “Biz bu sırada dövlət başçısının imzaladığı sənədlər əsasında müvafiq kateqoriyadan olan şəhid ailələrinə birdəfəlik ödəmələrin verilməsini, problemli kreditlər məsələsinin həllini tapmasını, bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsini, əməkhaqlarının, pensiyaların, tələbə təqaüdlərinin, müavinətlərin artırılmasını və digər belə tədbirləri qeyd edə bilərik.

Sosial sferada atılan bu kimi addımlar bilavasitə insanların rifah halının yaxşılaşdırılmasına, onların gəlir imkanlarının artırılmasına hesablanıb. Bütövlükdə deyə bilərik ki, 2019-cu ilin əvvəlindən bəri Prezident İlham Əliyevin müvafiq sosial paket çərçivəsində imzaladığı qanunvericilik aktları 3 milyona yaxın insanın sosial müdafiəsinin gücləndirilməsi sahəsində inqilabi addım oldu”.

S.Əliyevanın sözlərinə görə, yeni sosial paket ölkə Prezidentinin “Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır” tezisini bir daha təsdiq edir. S.Əliyeva deyib ki, dövlət başçısının imzaladığı yeni sosial paket əhalinin rifah halının yaxşılaşdırılmasına və gəlir imkanlarının artırılmasına hədəflənən tədbirlərin uğurla davam etməsinə geniş imkanlar açır.