Bir il əvvəl prezidentlər İlham Əliyev və Vladimir Putin Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığa dair beş “Yol xəritəsi”nin hazırlanması təşəbbüsünü irəli sürüblər.
Onun praktik reallaşdırılması prosesini Azərtac-a müsahibəsində Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Dmitri Savelyev təhlil edir.
-Dmitri İvanoviç, hazırda iki ölkənin tərəfdaşlığının qarşısında duran əsas vəzifələr nədən ibarətdir?
-Bizim Azərbaycanla tərəfdaşlıq münasibətlərimizin başlıca istiqaməti milli iqtisadiyyatlarımızın modernləşməsi üzrə yeni ümumi yanaşma tərzinin axtarılması və istehsalın birgə şaxələndirilməsidir. Məsələn, ötən il Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf templərinin neft-qaz sənayesindən üç dəfə artıq olmasına baxmayaraq, hər iki ölkə birgə innovasiyalı istehsal və qarşılıqlı sərmayələrin inkişafında daha yüksək nəticələrə nail olmalıdır. Yalnız belə olan təqdirdə biz “yeni iqtisadiyyat” yaradacağıq və istehsal olunan məhsulların dəyəri xammal ixracından daha rentabelli olacaq. Biz o zaman Rusiya ilə Azərbaycanın dövlət büdcələrinin dünya bazarında enerji daşıyıcılarının qiymətlərinin dəyişməsindən asılı olmadığı bir vəziyyətin olduğunu görəcəyik.
-Bu sahədə həyata keçirilən mühüm layihələr varmı?
-Ölkələrimizin güclü olduğu neft-qaz sahəsindən aralansaq, onda neft-kimya sektoruna birgə sərmayələr böyük əhəmiyyət kəsb edəcək. Xammal emalı yetərincə ciddi əlavə dəyər yaradır. 2019-cu ilin ilk yarısında Azərbaycan üç müəssisəni istismara buraxdı. Onlardan biri - SOCAR Polymer zavodunun tikintisi üçün Qazprombankın 500 milyon dollara yaxın sərmayəsi cəlb olunub. Bundan başqa, həmin yerdə, Sumqayıt Kimya Sənayesi Parkında SOCAR Karbamid zavodu, Pirallahı Sənaye Parkında isə Diamed Co farmasevtika zavodu istifadəyə verilib. Rusiyanın “R-Farm” və Azərbaycanın “Vita-A” şirkətlərinin 70 milyon avrodan çox sərmayə qoyduqları farmasevtika kompleksi də öz layihə gücünə çatıb. Bu müəssisə QİÇS-in, onkoloji, hematoloji, endokrin xəstəliklərin və viruslu hepatitlərin müalicəsi üçün preparatlar istehsal edir, onun məhsulları isə Yaxın Şərq və Şimali Afrika bazarlarına göndərilir. Bu da sizi üçün ucuz xammalın yüksək dəyərli məhsula çevrilməsinə dair bir örnək.
-Lakin “yeni iqtisadiyyatın” inkişafı energetika və nəqliyyat sahələrində proporsional tərəqqi olmadan mümkün deyil...
-Təbii ki, axı bu sahələr istehsal proseslərini dəstəkləyir. Burada ciddi irəliləyişlər mövcuddur və onlar ölkələrimizin ikitərəfli əməkdaşlığının çərçivələrini də aşır. Xüsusən, artıq uzunluğu 170 kilometr olan 330 kilovatlıq Artyom-Dərbənd yüksək gərginlikli elektrik xəttinin tikintisi başa çatır. Onun istismara verilməsi təkcə Dağıstanın cənubunda enerji təchizatının daha etibarlı olmasını təmin etməyəcək, həm də Rusiya və Azərbaycan arasında elektrik enerjisi nəqlini artıracaq. Bundan başqa, 2005-ci ildən hazırlıq görülən enerji sistemlərinin birləşdirilməsi haqqında saziş də imzalanıb: Rusiya, Azərbaycan və İran “Şimal-Cənub” nəqliyyat dəhlizi boyu sənaye istehsalının klasterlərini yaratmağa imkan verəcək yeni imkanlar əldə edəcəklər. Bunun nəticəsində isə iqtisadi əməkdaşlıq daha da güclənəcək.
- Yaxın gələcəkdə Bakı-Tbilisi-Qars dəmiryolu marşrutu üzrə yükdaşımalarının perspektivləri necədir?
-“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi bütün tərəflər üçün sərfəlidir. Lakin Rusiyadan Aralıq dənizindəki Mersin limanınadək daşımalar da bizim ölkəmiz üçün yaxşı perspektivlər açacaq. Çünki, Rusiya iqtisadiyyatı üçün Avropaya yükdaşımalarında marşrutların diversifikasiyası böyük maraq kəsb edir. Rusiyanın yükdaşımalarının 80 faizi Türkiyə ərazisinə dənizlə həyata keçirilir. Qalanları isə avtomobil nəqliyyatı vasitəsilə reallaşdırılır. Amma indiyədək dəmiryolu ilə yükdaşımaları olmayıb. Lakin Azərbaycanın sayəsində sentyabr ayında bu marşrutla da yüklər daşınacaq və yaxın iki il ərzində yükdaşımaların həcmini 500 min tona çatdırmaq mümkün olacaq. Azərbaycanın nəqliyyat infrastrukturu bütün maraqlı ölkələrə böyük tranzit imkanları yaradır.
-Rusiya ilə Azərbaycan arasında ticarətdə hər hansı struktur dəyişikləri gözlənilirmi?
-Ötən il Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 20 faiz artıb. Cari ildə də müsbət dinamika müşahidə olunur. Ölkəmiz Azərbaycana daha çox maşınqayırma məhsulları tədarük edir, bizim məhsul bazarımızda isə, əvvəllər olduğu kimi, Azərbaycanın kənd təsərrüfatı məhsulları geniş yer tutur: onları Azərbaycandan olan 35 iri ixracatçı şirkət göndərir. Azərbaycan aqrar məhsulların istehsalını artırmaq üçün fəal şəkildə aqroparklar yaradır: artıq 17 bu cür istehsalat sahəsi fəaliyyət göstərir, cari ilin sonunadək isə daha 10 təsərrüfat istifadəyə veriləcək. Bu, o deməkdir ki, Rusiyanın bazarlarında daha çox Azərbaycan pomidoru, xurması və fındığı olacaq. Azərbaycanlılar bu il özlərinin məşhur şərablarının tədarükünə daha çox diqqət yetirirlər: iki şərab evinin açılışı planlaşdırılır. Maraqlı olan odur ki, Azərbaycan Rusiyadan süd almağa hazırdır: bizdə olduğundan daha isti iqlim şəraiti süd istehsalına əngəl törədir. Ona görə də respublika üçün süd məhsullarının istehsalı yox, onları idxal etmək daha sərfəlidir. Bu, potensial olaraq Rusiyanın regional istehsalçıları üçün geniş fəaliyyət sahəsi yaradır. Belə ki, Bryansk vilayətinin Bakıda keçirilən avqust biznes-missiyasında iştirak edən şirkətləri arasında “Braynski qormolzavod” ASC də var.
-Regionlardan söz düşmüşkən, Rusiya-Azərbaycan regionlararası əməkdaşlığı necə inkişaf edir?
-İqtisadi tərəfdaşlığın bütün sahələri ilə yanaşı, bu əməkdaşlıq da inamla inkişaf edir: Rusiyanın 70 regionu Azərbaycana mindən çox əmtəə nomenklaturası tədarük edir. Həmçinin, ixracat sahəsində liderlərə yeni-yeni regionlar qoşulur. Biznes-missiyalar təşkil edən Azərbaycan tərəfi bu əməkdaşlığı fəal şəkildə dəstəkləyir. Mənim xatırlatdığım Bryansk vilayətindən başqa, məsələn, nümayəndələrinin bu yaxınlarda Azərbaycana səfər etdikləri Tümen vilayətini də göstərmək olar. Əlamətdar haldır ki, regionlararası əməkdaşlıq bir-iki istiqamətlə məhdudlaşmır, mümkün olan bütün təmas nöqtələrinin daha geniş diapazonunu əhatə edir. Bu, növbəti dəfə sübut edir ki, ölkələrimiz tədricən qarşılıqlı əməkdaşlığın innovasiyalı “yeni iqtisadiyyatı” formalaşdıran daha geniş şaxələrini yaradırlar.