Azərbaycanda iqtisadi təhlükəsizlik polisinə gərək yoxdur - RƏY

“İranda tətbiq olunan iqtisadi təhlükəsizlik polisinin Azərbaycanda da yaradılmasını təklif edənlər ölkəmizdəki reallıqları bilmirlər”.  Bunu Sherg.az-a açıqlamasında iqtisadçı-ekspert Fuad İbrahimov deyib. 

İqtisadçı bildirib ki, Azərbaycan Gömrük Komitəsi müasir dövrün tələblərinə uyğun həm texniki avadanlıqlarla, həm də mütəxəssislərlə təmin olunub: 

“Bizim gömrük sistemində elə bir xidmət, elə bir sahə yoxdur ki, orada hansısa boşluq müşahidə olunsun. Əlbəttə, kimsə fərdi qaydada cinayət tərkibli əmələ əl ata bilər. Belə hallar istisna olunmur. Ancaq komleks şəkildə götürəndə Azərbaycanın gömrük-keçid məntəqələrində kütləvi neqativ hadisələr yaşanmır. Həm də elə bir sistemin tətbiq olunması arzuolunmaz bir mənzərə yaradar. Məlumdur ki, paralel strukturların fəaliyyəti çox zaman qənaətbəxş olmur və müəyyən fəsadlar törədir”. 



İqtisadçı: "Paralel strukturların fəaliyyəti çox zaman qənaətbəxş olmur və müəyyən fəsadlar törədir"


F.İbrahimli bildirib ki, Gömrük Komitəsinin nəzində İstintaq İdarəsi var və ibtidai araşdırmalar yüksək səviyyədə aparılır: 

“Azərbaycanda qaçaqmalçılığa qarşı mübarizə kifayət qədər güclüdür. Hətta ölkə ərazisindən tranzit keçən yük nəqliyyat vasitələri belə GPS qurğuları ilə təchiz olunur. Yəni yük nəqliyyat vasitəsi sərhəddimizin bir qapısından digər qapısına gedənə qədər daim operativ nəzarət altında olur. Mövcud baza haqqında məlumatı olmayanlar gömrükdə əlavə təşkilata lüzum görürlər. Lakin buna qətiyyən ehtiyac yoxdur”. 

Qeyd edək ki, İranın 13 gömrük-keçid məntəqəsində iqtisadi təhlükəsizlik polisi fəaliyyətə başlayıb. İranın hüquq-mühafizə orqanının polis rəisi Hüseyn Əştəri deyib ki, iqtisadi təhlükəsizlik polisi qısa müddət ərzində iqtisadi fəsadlar, qaçaqmalçılıqla mübarizədə ciddi addımlar atıb. Bəzi ekspertlər bu sistemin Azərbaycanda da tətbiq olunmasını tövsiyyə ediblər.