Prezident İlham Əliyev Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilsin və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilsin.
Natiq Cəfərli: "Palatanın ən yaddaqalan tədbirlərindən biri valyuta dəyişmə məntəqələrinin ləğvi oldu. Bu, isə 1990-cı illərdə olduğu kimi “qara bazar”ın meydana çıxmasına şərait yaratdı"
İqtisadçı ekspert Natiq Cəfərli Prezidentin bu addımının gözlənilən olduğunu deyib. O, Sherg.az-a bildirib ki, 2018-ci ilin oktyabr ayında Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti də ləğv olundu:
"Nəticədə qurumun səlahiyyətləri xeyli məhdudlaşdırılmışdı. Məsələ ondadır ki, sözügedən idarə ölkə iqtisadiyyatının inkişafı naminə heç bir ciddi addım ata bilmədi. Palatanın ən yaddaqalan tədbirlərindən biri valyuta dəyişmə məntəqələrinin ləğvi oldu. Bu, isə 1990-cı illərdə olduğu kimi “qara bazar”ın meydana çıxmasına şərait yaratdı. Həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatası qanunları daha da sərtləşdirdi ki, bu da bank sektoruna mənfi təsir göstərdi. Bu səbəbdən adı çəkilən qurumun ləğv edilməsi təəccüblü deyil. Bundan sonra bütün vəzifələr yenidən Mərkəzi Banka qaytarılacaq və iqtisadiyyatın inkişafı istiqamətində daha məqsədyönlü addımlar atılacaq. Hər halda Mərkəzi Bankın bu sahədə təcrübəsi daha çoxdur”.
Kənan Novruzov