Energetika naziri Pərviz Şahbazov Ekvatorial Qvineyanın paytaxtı Malaboda keçirilən Qaz İxrac edən Ölkələr Forumunun (Gas Exporting Countries Forum-GECF) V Sammiti və Nazirlər Görüşündə iştirak edib.
Nazirlikdən verilən məlumata görə, Energetika naziri iştirakçılara Azərbaycan Respublikası Prezidentinin salamlarını və V Sammitin işə başlaması münasibətilə təbrik sözlərini çatdırıb.
Sammitdə çıxış edən nazir qlobal qaz bazarında müşahidə olunan tendensiyalar və Azərbaycanın həyata keçirdiyi qaz ixrac layihələri barədə danışıb. Nazir son illərdə dünyada aşağı karbonlu enerji mənbəyi kimi təbii qaza artan tələbatın yeni layihələrinin reallaşmasını və qaz sənayesinin inkişafını təmin etməklə yanaşı mənbə və marşrutların diversifikasiyasını da aktullaşdırdığını qeyd edib. Energetika naziri, həmçinin sıfır emissiyalı iqtisadiyyata dair çağırışların təşviq etdiyi bioqaz, biometan və hidrogen enerjisinin gələcəkdə təbii qaza gözlənilən təsirlərinə də toxunub. Qaz İxrac Edən Ölkələr Forumunu bu inkişaf meyillərini qaz istehsal və ixrac edən ölkələrin öz enerji siyasəti kurslarında nəzərə almalarına və birgə həlləri tapmağa kömək edən bir platforma kimi qiymətləndirib.
Nazir Pərviz Şahbazov Azərbaycanın qaz idxalatçısından qaz ixrac edən ölkəyə çevrilməsini təmin edən və enerji təhlükəsizliyinə xidmət edən layihələrindən də bəhs edib. Yekunlaşmaqda olan “Cənub Qaz Dəhlizi” layihəsinin regional və qlobal əhəmiyyətini diqqətə çatdırıb: “Cənub Qaz Dəhlizinin ərsəyə gəlməsində mühüm rol oynayan TANAP Azərbaycan təbii qazını Avropaya nəql etməyə tam hazırdır. Avropaya yeni mənbədən-ilk dəfə olaraq Xəzərdən təbii qaz 2020-ci ilin ikinci yarısında Cənub Qaz Dəhlizi vasitəsilə çatdırılacaq. Açıq dənizlərə çıxışı olmayan bir ölkənin daha bir qlobal layihə ilə dünyanın enerji xəritəsini yenidən tərtib etməsi məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan ardıcıl və uzunmüddətli enerji siyasətinin nəticəsidir. Bu siyasət bütün tərəflərin maraqlarının təmin olunmasına və qarşılıqlı faydalı qlobal əməkdaşlıq mühitinin yaradılmasına əsaslanır”.
Sammit çərçivəsində Energetika naziri Qaz İxrac edən Ölkələrin Forumunun (GECF) Baş katibi Yuri Sentyurin, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Məhəmməd Sanusi Barkindo, Rusiya Federasiyasının Energetika naziri Aleksandr Novak, eləcə də Misirin Mineral Resurslar və Neft naziri Tarek Əl Molla ilə görüşüb. Görüşlərdə qlobal neft-qaz bazarında mövcud vəziyyət və ikitərəfli əməkdaşlığa dair məsələlər müzakirə edilib.