"Azərbaycan İranla iqtisadi və ticarət əlaqələrini genişləndirməkdə maraqlıdır". bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində öz əksini tapıb. Analizdə Baş nazirin müavini Şahin Mustafayevin İran səfərinə də diqqət çəkilib: “Prezident İlham Əliyev bir neçə gün əvvəl Bakıda İranın rabitə naziri ilə görüşdü. İlham Əliyev bu görüşdən sonra Baş nazirin müavini Şahin Mustafayevi İrana göndərdi. Ş.Mustafayev iqtisadiyyat naziri olanda İranla əməkdaşlığa cavabdeh idi. O, hər il İrana səfər edir və ikitərəli əməkdaşlığın genişləndirilməsi mövzularını müzakirə edirdi. Ş.Mustafayev budəfəki səfərində də İran Prezidenti Həsən Ruhani ilə görüşərək İlham Əliyevin məktubunu ona təqdim edib.
Həsən Ruhani görüşdə bildirib ki, sərhəddəki Xudafərin bəndi və elektrik stansiyasının tikintisi kimi müştərək layihələrin icrasını sürətləndirmək lazımdır. Bundan başqa, H.Ruhani Rəşt-Astara dəmir yolunun tikintisi üçün əldə olunan razılığın tez bir zamanda icra olunmasını istəyib. Tehran Azərbaycanla İranın Xəzər dənizində birgə neft kəşfiyyatı aparılmasına da hazırdır. H.Ruhani eyni zamanda üçtərəfli əməkdaşlıqdan da danışaraq bildirib ki, Tehran, Bakı və Moskva arasında əlaqələrin daha çox inkişaf etdirilməsi həm iki ölkə və həm də üç ölkə arasında tranzit, enerji və elektrik sahəsində əlaqələri daha da artıra bilər”.
Mərkəzin təhlilində Azərbaycanın İranla iqtisadi və ticarət əlaqələrini inkişaf etdirmək istəyinin əsas səbəbləri açıqlanıb:
“Azərbaycan geosiyasi çətinliklərə baxmayaraq, İranla iqtisadi və ticarət əlaqələrini inkişaf etdirmək istəyir. Bu, Azərbaycana həm də ona görə vacibdir ki, İran Ermənistanla deyil, Azərbaycanla ortaq layihələrin reallaşdırılmasına üstünlük versin”.
Analizdə Azərbaycanla İran arasında mövcud olan ticarət dövriyyəsinin 2014-cü illə müqayisədə 3 dəfə artdığı vurğulanıb:
“İranın Azərbaycanda fəaliyyət göstərən şirkətlərinin sayı ötən bir il ərzində 50 faiz artıb. Rəşt-Astara dəmiryolunun çəkilməsində müəyyən problemlər mövcuddur. Ancaq hər iki tərəf həmin yolun qısa zamanda çəkilməsinə çalışır. İlham Əliyevin Ş.Mustafayevi İrana göndərməkdə məqsədi iki ölkə arasında ortaq iqtisadi layihələrin reallaşmasına mane olan səbəblərin aydınlaşdırılması və yeni imkanların öyrənilməsidir”.