“Üstəlik, banklar ipoteka kreditlərinin həcmini məhdudlaşdırıblar. Yəni burada da azalma mövcuddur”
Ekspertlər 2020-ci ildə tikinti materiallarının ucuzlaşacağını proqnozlaşdırır. Tikinti bazarında ucuzlaşmanın səbəbləri ilə bağlı daşınmaz əmlak üzrə ekspert Anar Nəsirovun sözlərinə görə, əksər pilot layihələrin və şəhərin mərkəzində yerləşən iri binaların tikintisinin bu il ərzində başa çatması qiymətlərin enməsinə şərait yaradacaq.
Pilot layihələrin inşası başlayan zaman qiymət artımı olduğunu nəzərə çatdıran ekspert, hazırda bəzi tikinti materiallarının 30 faizə qədər ucuzlaşdığını da dilə gətirib.
"MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov isə "Şərq"ə açıqlamasında ümumi tikintinin maya dəyərinin 40-45 faizini tikinti materiallarının təşkil etdiyini deyib:
"Əgər tikinti materiallarının qiyməti 3-5 faiz azalırsa, bu, tikintinin maya dəyərinə və satış qiymətinə təsir etsə də, amma o qədər də əhəmiyyətli olmur. Əsas tikinti materiallarının qiyməti ən azı 10-15 faiz ucuzlaşmalıdır ki, tikintinin maya dəyəri və satış qiymətinə təsir göstərsin. Lakin tikinti bazarda satış qiymətləri qeyri-mövsümi ayda ucuzlaşır. Qış aylarında daş materiallarının qiyməti azalır. Yazda isə taxta materiallarının qiyməti artır. Yəni tikinti materiallarının mövsümə uyğun biri ucuzlaşıb, biri bahalaşır deyə ümumi qiymət tarazlaşır və satış qiymətinə elə bir təsir etmir".
Baş direktor yanvar ayında daşınmaz əmlak bazarında aktivliyin bir qədər zəif olduğunu deyib. Onun sözlərinə görə, fevral bazar üçün qeyri-mövsümi ay olduğundan vəziyyət stabildir. Aktivliyin aşağı olması isə mənzillərin qiymətinə təsir edir:
"Adətən qış aylarında ev alqı-satqısı azaldığından bazarda alıcı qıtlığı müşahidə olunur. Başqa bir səbəb isə mənzilə ehtiyacı olan insanların böyük əksəriyyətinin, dövlət tərəfindən həyata keçirilən güzəştli satış proqramından faydalanmasıdır. Digər bir qisim insan isə növbəti güzəştli mənzil satışı layihəsinin icrasını gözləyir. Üstəlik, banklar ipoteka kreditlərinin həcmini məhdudlaşdırıblar. Yəni burada da azalma mövcuddur. Mənzilə real ehtiyacı olanlar isə sadalanan layihələrdən bəhrələnə bilmirlər və ya əllərində nağd pulları yoxdur. Odur ki, mənzil bazarında aktivlik aşağı düşüb”.
Kirayə mənzil bazarında hazırkı vəziyyətə gəlincə isə əmlak eksperti burada artım olduğunu deyib.