Cənub Qaz Dəhlizi əhəmiyyətli layihədir
“Cənub Qaz Dəhlizi Azərbaycan karbohidratlarının Avropa bazarına ixracı üçün nəzərdə tutulmuş nəhəng, beynəlxalq əhəmiyyətli layihədir”.
Bunu “Şərq”ə açıqlamasında millət vəkili, iqtisadçı Azər Badamov deyib. Deputat bu layihənin əsas təşəbbüskarının və təşkilatçısının Azərbaycan olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, məhz ölkəmizin təşkilatçılığı ilə dünyada ən böyük layihə hesab olunan Cənub Qaz Dəhlizinin son tamamlanma işləri həyata keçirilir:
“Cənub Qaz Dəhlizi çox sayda müxtəlif maraqlı tərəfləri, o cümlədən 7 hökuməti və 11 şirkəti özündə əhatə edən mürəkkəb layihədir. Layihə dünyada inkişaf etdirilən ən böyük kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Cənub Qaz Dəhlizi ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək. Cənub Qaz Dəhlizi dünya neft-qaz sənayesində buvaxtadək olan ən mühüm və iddialı layihələrdən biridir”.
Millət vəkili bəyan edib ki, TAP-ın bitməsi ilə Azərbaycan qazı Avropa bazarına çıxacaq və qazın satışından ölkəmizə əlavə gəlirlər daxil olacaq: “Azərbaycanın “Şahdəniz” və “Şahdəniz-2” yataqları böyük qaz resurslarına malikdir. Təbii ki, əgər Cənub Qaz Dəhlizi boru xətti çəkilməsəydi, bu yataqlardakı qazın xarici bazarlara ixrac edilməsi mümkün olmayacaqdı.
Ona görə də Cənub Qaz Dəhlizinin Azərbaycan üçün çox mühüm əhəmiyyəti var. Müstəqil ölkə olaraq biz öz enerji resurslarımıza, ehtiyatlarımıza sahibik və onu sərbəst şəkildə dünya bazarlarına çıxarırıq. Cənub Qaz Dəhlizinin region üçün də böyük əhəmiyyəti var. Bu boru xətti bir neçə ölkənin ərazisindən keçir. Həmin dövlətlər də tranzit ölkə olaraq layihənin icrasından mənfəət əldə edəcəklər.
Eyni zamanda həmin ölkələr qarşılıqlı razılaşma yolu ilə qazla da təmin olunacaqlar. Digər tərəfdən, Cənub Qaz Dəhlizi boru xətti beynəlxalq layihə olduğu üçün onun keçdiyi ərazilərdə sabitliyin, əmin-amanlığın olması dövlətlərin hər birini qayğılandıracaq.
Yəni, hər bir ölkə maraqlı olacaq ki, sabitlik olsun və boru xəttinin işləməsi nəticəsində davamlı, stabil gəlir əldə etsin. Regionda təhlükəsizliyin təminatı baxımından da Cənub Qaz Dəhlizi diqqət mərkəzindədir, əhəmiyyətli layihədir”.