Koronavirusun iqtisadi rezonansı:“Manat ucuzlaşa bilər” – Bədbin proqnoz

“Dünya bazarında  neftin qiymətinin ucuzlaşması Azərbaycan manatına təsirsiz ötüşməyəcək”

Pərviz Heydərov:”Neftin dünya bazarındakı qiyməti 50 dollardan aşağı düşəcəyi halda bu valyuta bazarımızda qırmızı işığın yanıb- sönməsi demək olacaq"



Çində ortaya çıxan və dünyanın bir çox ölkəsində yayılan koronavirus insanların sağlamlığı ilə yanaşı iqtisadiyyat üçün də ciddi təhlükəyə çevrilib. Dünya iqtisadiyyatı üçün istehsal mənbəyi, fabrik rolunu oynayan və  ən böyük istehsalçı ölkə  sayılan Çində öldürücü virusun yayılması istər- istəməz dünya bazarında ajiotaj yaradıb. Üstəlik də, koronavirusun yayılma arealı genişləndikcə  digər ölkələr arasındakı ticarət əməkdaşlığı zəifləyir, sərhədlərdə nəzarət gücləndirilir, bütün bunlar da  idxal- ixrac bazarına təsir göstərir.  Heç şübhəsiz iqtisadiyyatın geriləməsi, maliyyə bazarlarındakı  böhran neftin qiymətindən də təsirsiz ötüşməyəcək. 



Bu proseslər fonunda dəyərləndirmə aparan İqtisadçı ekspert Pərviz Heydərov "Sherg.az"a açıqlamasında  milli valyutanın  devalvasiyaya uğrama təhlükəsini də istisna etmir: 

"Koronavirusun yayılmasından sonra dünya iqtisadiyyatında xeyli geriləmələr  müşahidə olunur. Orta perspektivli proqnozlar yaxşı heç nə vəd etmir. Bu makroiqtisadi göstəricilər və  strateji  məhsulların qiymətləri, xüsusən də neftin dəyərində özünü  göstərir. 2017-ci ildən  üzü bu yana neftin dünya bazarındakı qiymətlərində müəyyən qədər  stabillik müşahidə  olunsa da, cari ilin əvvəllərindən neftin qiyməti 55-60 dollara qədər ucuzlaşıb. Bu tendensiyalar Azərbaycan iqtisadiyatından da yan keçməyəcək.  Azərbaycanın dövlət gəlirləri neftin satışından asılı olduğuna görə,  dünya bazarında  neftin qiymətinin ucuzlaşması Azərbaycan manatına təsirsiz ötüşməyəcək. Necə ki, 2015-ci ildə neftin ucuzlaşması fonunda milli valyutamız 2 dəfə  ucuzlaşdı.  Proses 2016-cı ilə qədər davam etdiyi üçün manat dollara münasibətdə bugünkü həddə  çatıb". 

İqtisadçının sözlərinə görə, ötən ilin dövlət büdcəsində  neftin bazar qiymətləri 60 dollar götürüldüyü  halda builki riskləri nəzərə alan hökumət büdcə sənədlərində neftin qiymətini 55 dollardan götürüb:

"Manatın ucuzlaşması ilə bağlı  proqnozum  konkret olaraq bu ilə aid deyil. Təşvişə gərək yoxdur. Bu, sadəcə bir proqnozdur ki, neftin dünya bazarındakı qiyməti 50 dollardan aşağı düşəcəyi halda bu valyuta bazarımızda qırmızı işığın yanıb- sönməsi demək olacaq. Əgər qiymətlər 40 dollara qədər  ucuzlaşarsa, bu artıq valyuta bazarındakı mövcud sabitliyi pozacaq. Qısası,  neft 40 dollardan aşağı düşərsə, manatın dəyərini maksimum  3-4 ay ərzində indiki səviyyədə  saxlamaq mümkün olacaq.  Koronavirusla bağlı yaranan rezonansın dünya iqtisadiyyatına nə qədər zərər  verəcəyi bundan sonrakı proseslərin gedişatından asılıdır. Hər halda qlobal iqtisadiyyat ehtimal olunan dərəcədə  fəlakətə yuvarlanmayacaq".