Sələmçilərin meydanı daralır - "10 faiz vergi versinlər!” - Qanunsuz sahibkarlıq


“Bankların verdiyi kredit faizi illik olaraq təxminən 25 faizdirsə, sələmçilərdə illik azı 50 faizdir. Onlar insanları faizlərlə yükləyirlər”



Sələm kredit müqaviləsinin qeyri-rəsmi formasıdır. Söhbət kreditdən gedirsə, bu, qanunvericiliklə, Mülki Məcəllənin müəyyən maddələri ilə nəzərdə tutulur. Sələm verən şəxslər isə heç bir hüquqi normaları nəzərə almırlar.
Bankdan kredit götürmək istəyənlər bəzən müəyyən problemlərlə üzləşirlər. Nəticədə vətəndaşların kreditə marağı azalır. Bu vəziyyətdə təcili pula ehtiyacı olanlar sələmçilərə üz tuturlar. Sələmçilərin qoyduqları faiz isə yüksək olduğu üçün sonra ödəmədə problemlər yaranır. 
Ölkəmizdə sələmçiliklə məşğul olmaq qanunla qadağandır. Buna baxmayaraq , yüksək faizlə sələm verənlər heç bir vergi ödəmədən gəlirlərini artırmaqla məşğuldurlar.



İqtisadçı-ekspert Əkrəm Həsənov “Sherg.az”a bildirib ki, sələmçilər banklara nisbətən ən azı 2-3 dəfə artıq faiz tələb edirlər:

"Bankların verdiyi kredit faizi illik olaraq təxminən 25 faizdirsə, sələmçilərdə illik azı 50 faizdir. Aydın məsələdir ki, insanlar bankdan kredit götürə bilməyəndə sələmçilərin yanına gedirlər. Kiminsə ya işi, ya da girovu yoxdur. Ona görə də bankdan kredit götürə bilmirlər. Təbii ki, sələmçilər də bundan sui-istifadə edirlər və insanları faizlərlə yükləyirlər. Qanunvericilik baxımdan kiminsə faizə pul verməsi qadağan deyil. Amma həmin şəxs öz pulunu sələmə verə bilər. Məsələn, mən bankdan kreditə pul götürüb onu kiməsə borc verə bilmərəm. Bu, artıq bank fəaliyyətidir. Bankın fəaliyyəti üçün lisenziya lazımdır. Lisenziyasız fəaliyyət göstərirəmsə, deməli bu, qanunsuz sahibkarlıqdır”. 

Bankların maliyyə vasitəçisi olduğunu deyən iqtisadçı bildirib ki, bank bir qisim insanlardan aşağı faizlə əmanət cəlb edir, həmin pulu digərlərinə yüksək  faizlə verir:

“Belə çıxır ki, sələmçi də faktiki olaraq eyni əməli edir. Bankdan aşağı faizlə pulu götürür və daha yüksək faizlə borc verir. Əlbəttə, bu qanunsuz sahibkarlıqdır və buna yol vermək olmaz. Əksər hallarda sələmçilər məhz belə qanunsuzluqlar edirlər. Çünki onların o qədər pulları yoxdur ki, hər kəsə faizlə borc verə bilsinlər. Belə şəxslər cəzalandırılmalıdır. Fərq etməz, qanunsuz və ya qanuni sahibkarlıqla məşğul olanlar, hər bir sələmçi əldə etdiyi gəlirdən 10 faiz vergi verməlidir. Elə sələmçi tanımıram ki, vergini versin”.

Ə.Həsənov vətəndaşlara tövisiyyələrini də bildirib:

“Çalışsınlar sələmçilərdən faizə borc götürməsinlər, götürdükləri hallarda isə müqavilə bağlasınlar. Müqavilədə bütün şərtlər yazılsın. Nə qədər pul götürüldüyü, faiz dərəcəsi və nə vaxt qaytarılması qeyd olunmalıdır. Əsas da pulu qaytaranda sələmçidən yazılı qəbz alsınlar. Çünki sələmçilərin belə bir adəti var ki, pulu verəndə müqavilədə bütün məlumatları yazırlar, amma geri alanda heç nə vermirlər. Sabahısı gün də gəlib deyirlər ki: “Sənin mənə filan qədər borcun var”. Ona görə də vətəndaşlarımız maksimum dərəcədə diqqətli olmalıdırlar”.