“Enerji və spirtli içkilər kəskin bahalaşacaq” - PROQNOZ


Natiq Cəfərli:“Azərbaycanda spirtli içkilərin istehsalında xaricdən gətirilən xammalın üstünlük təşkil etdiyini nəzərə alsaq, bunun qiymətlərə təsiri kifayət qədər olacaq”

“Ölkəmizdə aksiz vergilərindən əldə olunan əlavə gəlirin ünvanı göstərilmir. Sanki, hökumət büdcədə yaranan problemləri həll etmək üçün aksiz vergisinin artırılması yolunu tutub”




Baş nazir Əli Əsədovun “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” 17 fevral 2020-ci il tarixli qərarı martın 19-dan qüvvəyə minir. Qərarla ölkəyə idxal edilən tütün məmulatları, enerji və spirtli içkilər üçün aksiz dərəcələri artırılıb.

Aksiz dərəcəsinin artırılmasının qiymətlərə təsirini şərh edən  iqtisadçı-ekspert  Natiq Cəfərli “Sherg.az”a bahalaşmanın olacağını  deyib: 

“Aksiz, vergi və gömrük rüsumlarının artırılması sonda mal və xidmətlərin qiymətinin artmasına səbəb olur. İş adamları, təbii ki, ziyanla işləməyəcək və ona görə də qiymətlərin artımı baş verəcək. Azərbaycanda spirtli içkilərin istehsalında xaricdən gətirilən xammalın üstünlük təşkil etdiyini nəzərə alsaq, bunun qiymətlərə təsiri kifayət qədər olacaq”.



N.Cəfərlinin  sözlərinə görə, dünyanın bir çox ölkələrində spirtli içkilərlə tütün məmulatlarında vergilərin və aksiz dərəcələrinin  artırılması bir o qədər də reaksiya doğurmur: 

"Bu, sosial məsələ olmadığı üçün vətəndaşlar tərəfindən o qədər də anormal qarşılanmır. Hətta hökumət bunu sağlam həyat tərzi istiqamətində addım kimi izah etməyə çalışır. Həqiqətən də bu məsələ həm də sağlamlıq məsələsidir, qiymətlərin bahalaşması əhalinin spirtli içkilər və tütün məmulatlarından daha az istifadə etməsinə səbəb olur. Bir çox ölkədə qiymətlərin artırılması yolu ilə spirtli içkilər və tütün məmulatları istehlakının azaldılması qarşıya məqsəd kimi qoyulur və belə addımlar atılır”. 

Ekspert onu da əlavə edib ki, dünya ölkələrində spirtli və energetik içkilərin, tütün məmulatlarının  aksiz dərəcələri artanda ordan gələn əlavə gəlirin istiqaməti bəlli olur:

“Bu məbləğ sosial layihələrə, tibbi sığortaya və digər əhəmiyyətli məsələlərə xərclənir. Azərbaycanda isə aksiz vergilərindən əldə olunan əlavə gəlirin ünvanı göstərilmir.Sanki, hökumət büdcədə yaranan problemləri həll etmək üçün aksiz vergisinin artırılması yolunu tutub. Halbuki buradan gəlir ayrıca hesablanmalı  və icbari tibbi sığortanın ödənilməsinə yönəlsə, daha məqsədəuyğun olar. Dünya ölkələrinin praktikası buna əsaslanır. Azərbaycanda bu təcrübədən istifadə edilmir  deyə,  qiymət artımı insanlar tərəfindən birmənalı qarşılanmır. Yoxsa ki,  spirtli və energetik içkilər, o cümlədən də tütün məmulatları sosial məhsul olmadığı üçün qiymətlərdə  kəskin artım olsa belə  bu, insanların  durumuna ciddi təsir etməməlidir. Hətta bəzi insanların qiymət artımına görə  bu məhsullardan imtina etməsi sağlamlıq baxımından faydalı ola bilər.  Dediyim kimi dünya ölkələrində qiymət artımı sağlam həyat tərzinə keçidlə izah olunur".