Ərzaq boldur: “Gündəlik tələbat mallarında problem olmayacaq" - Ajiotaj olmaz! 

"Ehtiyat fondlarımız da var. Yaxın vaxtda öz aqrar sekorumuzun məhsulları bazara çıxacaq. Qıtlıq ola bilməz”


Ajiotaja ehtiyac yoxdur. Bizdə ərzaq boldur və mağazalar ağzınadək doludur".
Bu barədə "Sherg.az"a açıqlamasında "Altay" Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib.
İqtisadçı bildirib ki, əhali bir il çalışmadan yesə belə hazırda satışda olan ərzaqlar bitməz: 

"Ehtiyat fondlarımız da var. Yaxın vaxtda öz aqrar sekorumuzun məhsulları bazara çıxacaq. Qıtlıq ola bilməz. Mən müşahidə edirəm ki, dövlət tərəfindən bütün mümkün tədbirlər görülür. Digər ölkələrdən fərqli olarar bizim hökumət problemə çox operativ reaksiya verdi və preventiv tədbirlər görüldü. Ona görə də, dünyada ən yaxşı vəziyyətdə olan ölkələrdən biri bizik.  Sadəcə qaydalara riayət etmək, virusun yayılmasının qarşısını almaq lazımdr. 
Əlbəttə, müəyyən problemlər olacaq. Neftin də qiymətinin kəskin ucuzlaşması gəlirlərimizə ciddi təsir edir. Sərhədlərin bağlanması, ticarət əlaqələrinin zəifləməsi bəzi məhsullar üzrə çatışmazlıq yarada bilər. Amma düşünürəm ki, gündəlik tələbat mallarında problem olmayacaq".

Ekspert məsləhət görüb ki, hökumət sadəcə bəzi kritik dərmanların ehtiyatını yığmalıdır: 

"Çünki, dünyada dərman istehsalında ciddi problemlər yaranıb. Dünyada dərmanların yarıdan çoxunu təmin edən Hindistanda 20-dən iri farmasevtik zavod və fabrik xammal çatışmazlığından fəaliyyətini dayandırıb, tələbatgüclü olduğundan 2 illik istehsal planını doldurublar. Bir çox ölkələrdə də belədir. Ona görə də hökumət son dərəcə vacib dərmanların ciddi ehtiyatını yığmağlıdır ki, dünyada daha pisləşsə bizim ağır xəstəlikləri olan vətəndaşlarımız dərmansız ölməsinlər. Bundan başqa, oksigen aparatlarının və test cihazlarının sayı xeyli artırılmalıdır. Yəqin ki, bunlarla bağlı da iş gedir".

E.Bayramlı vurğulayıb ki, Operativ Qərargah bütün məsələləri nəzərə alır və ölkəni ən ağır böhrana hazır vəziyyətə gətirməyə çalışır: 

"Yeni yaradılmış Fonda əhalimiz, sahibkarlarımız, şirkətlərimiz ciddi məbləğdə yardım edirlər. Dövlət 1 milyarddan çox vəsaitin iqtisadi böhranın qarşısını almaq üçün buraxıb. Virusla mübarizəyə də lazimi qədər vəsaitlər ayrılır".