Vergi ödəmələrinin müddəti uzadılıb. Vergilər Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, hüquqi şəxslərin mənfəət və əmlak vergisi, fiziki şəxslərin gəlir vergisi bəyannamələrinin təqdim edilməsinin və vergilərin ödənilməsinin son müddəti 6 aprel 2020-ci il tarixə keçirilib. Vergilər Nazirliyindən verilən məlumata görə, qərar ölkə ərazisində xüsusi əmək rejiminin tətbiq olunması ilə əlaqədardır.
Belə ki, Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə” qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 29 mart - 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 - 28 mart və 30 mart - 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilib.
Qeyd edək ki, Azərbaycanda hüquqi şəxslərin mənfəət və əmlak vergisi, fiziki şəxslərin gəlir vergisi bəyannamələrinin təqdim edilməsinin və vergilərin ödənilməsinin son müddəti 31 mart 2020-ci ildir.
Nazirliyin qərarını "Sherg.az"a təhlil edən keçmiş maliyyə naziri, iqtisad elmləri doktoru Fikrət Yusifov bunun gözlənilən addım olduğunu deyib:
"Belə bir qərar xeyli vaxt idi, müzakirə olunurdu. Hətta mən də bir neçə dəfə təklif etmişdim ki, "vergi tətilləri" olmalıdır. Əlbəttə, bu addım sahibkarlar, iş adamları üçün böyük güzəştdir. Onu da deyim ki, indiki çətin vəziyyətdə əhaliyə yardım məqsədilə yaxın gələcəkdə daha bir neçə güzəştlərin edilməsi nəzərdə tutulur. Hələ ki, ən düzgün variantın hansı olması barədə müzakirələr davam edir. Yaxın günlərdə bu haqda əhaliyə məlumat veriləcəyini düşünürəm".