Məlum olduğu kimi, Prezidentin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış İşçi Qrupu koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı 2.5 milyard manatlıq təkliflər barədə paket hazırlayıb.
İşçi Qrupun rəhbəri, İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, pandemiyanın milli iqtisadiyyata və insanların gündəlik sosial-iqtisadi həyata göstərdiyi təsirlər artıb:
“Yaranmış vəziyyətə Azərbaycan hökuməti çevik reaksiya verib. Karantin rejiminin tətbiqi və sosial izolyasiya tədbirləri zəruri addım olaraq atılıb. Bütün dünyada iqtisadi artım templəri səngiyib. Pandemiyanın təsiri altında enerji və səhm bazarlarında durğunluq yaranıb, dünya ölkələrində iqtisadi və maliyyə böhranı müşahidə edilir. Bu proseslər Azərbaycan iqtisadiyyatına da öz təsirlərini göstərməkdədir. Pandemiyanın ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı ölkə Prezidentinin Sərəncamı ilə işçi qruplar yaradılıb”.
Nazir qeyd edib ki, hazırda Azərbaycan hökuməti vətəndaşlarımızın həyat və sağlamlığını qorumaq üçün şüurlu şəkildə iqtisadi fəallığın azalmasına gedir və iqtisadiyyatı, sahibkarlıq subyektlərini böhran şəraitində qorumaq və onun mənfi təsirlərini minimuma endirmək məqsədilə bu subyektlərin fəaliyyətinin məhdudlaşdırılmasına dəstək verir:
“Hazırda hökumət məşğulluğun, maliyyə-bank sektorunun sağlamlığının qorunmasına, iqtisadi artımı yenidən bərpa etmək üçün gələcək addımlarla bağlı çevikliyin saxlanılmasına çalışır. M.Cabbarov bildirib ki, pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirmək üçün yaradılan İşçi Qrupun əsas məqsədi bu təsirlərin və belə təsirlərə məruz qalan sahələrin müəyyən edilməsi, iqtisadiyyata və sahibkarlığa dəstək paketinin formalaşdırılmasıdır. İqtisadi bloka daxil olan qurumların birgə və intensiv fəaliyyəti nəticəsində bu işi qısa bir müddətdə əsasən yekunlaşdırmaq mümkün olub”.
İşçi Qrupun təkliflərini "Sherg.az"a dəyərləndirən millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, Prezidentin tapşırığı ilə koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına və eləcə də sahibkarlara, o cümlədən məşğul əhaliyə vurduğu ziyanı minimumlaşdırmaq üçün 4 işçi qrupu formalaşdırılıb.
Deputat vurğulayıb ki, artıq iqtisadiyyat üzrə formalaşan işçi qruplarından biri öz təkliflər paketini, eyni zamanda dəstək proqramını hazırlayıb Pezidentə təqdim edib:
"Virusun, sahibkarlara vurduğu ziyanın minimuma endirilməsi ilə bağlı ilkin olaraq ölkə Prezidenti tərəfindən 1 milyard manat vəsait ayrılmışdı. Artıq həmin vəsait 2.5 milyarda çatdırılıb. Bu da ümumi daxili məhsulun 3 faizi deməkdir. Azərbaycan virusa qarşı mübarizəyə ayrılan vəsaitin həcminə və ümumi daxili məhsuldakı payına görə, MDB-də birinci yer tutur. İşçi Qrup tərəfindən hazırlanmış paket dörd mühüm proqramı əhatə edir. Onlardan en vacibi panfemiyanın daha çox ziyan vurduğu 304 min muzdlu işçinin çalışdığı 44 min sahibkarlıq subyektini əhatə edir. Həmin proqram çərçivəsində həm dövlət tərəfindən əmək haqqı fondunun müəyyən hissəsinin kompensasiya edilməsi, həm də sahibkarlara birbaşa dəstəyin verilməsi nəzərdə tutulub. Eyni zamanda pandemiyanın mənfi təsirlərini öz fəaliyyətində daha çox hiss edən 292 min fərdi mikrosahibkara da dövlət dəstəyi çərçivəsində maliyyə yardımı həyata keçiriləcək. Bu proqramların əsas mahiyyəti ondan ibarətdir ki, həm orta və iri sahibkarlar həm də mikro sahibkarların ziyanı minimuma endirilsin".
İqtisadçının sözlərinə görə, burada əsas məqsəd sahibkarlıq subyektlərində çalışan vətəndaşlarımızın əmək haqlarının ödənilməsinə nail olmaqdır:
"Formul ondan ibarətdir ki, dövlət sahibkarlara dəstəyini verir. Sahibkarlar da işçi heyətlərini qoruyub saxlayırlar. Proqramda kreditlər üzrə də xüsusi güzəştlər var. Burada söhbət sahibkarların aldıqları kreditlərin faizlərinə subsidiya verilməsindən gedir. Əgər sahibkar 12 faizlə kredit alıbsa, onun 10 faizi dövlət tərəfindən subsidiyalaşdırılacaq. Cəmi 2 faizi sahibkar özü ödəyəcək. Eyni zamanda sahibkarların inkişafı fonduna dövlət dəstəyinin verilməsi nəzərdə tutulur. Bunun üçün də 500 milyon manat vəsait ayrılacaq. Proqramda vergi güzəştləri də nəzərdə tutulur. Bununla da sahibkarlara birbaşa dəstəklə yanaşı, həm də dolayı dəstək verilmiş olacaq. Bu o deməkdir ki. hazırlanmış proqramlar, sadəcə koronavirusun təsirlərini minimuma endirmək məqsədi güdmür. Eyni zamanda post-koronavirus dövründə də sahibkarların dəstəklənməsini özündə ehtiva edir. Yeni hazırlanmış paket strateji yanaşmaya malikdir. Nəzərə alaq ki, böhranlardan sonra yeni imkanlar yaranır istehlakın artması müşahidə olunur".