Bu proqram həm də sahibkarlara kömək edəcək və krizisdən sonrakı dövrdə iqtisadi aktivliyi artıracaq
Məlum olduğu kimi, Prezidentin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış İşçi Qrupu koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı 2.5 milyard manatlıq təkliflər barədə paket hazırlayıb.
İşçi Qrupun rəhbəri, İqtisadiyyat naziri Mikayıl Cabbaroviə bildirib ki, pandemiyanın milli iqtisadiyyata və insanların gündəlik sosial-iqtisadi həyata göstərdiyi təsirlər artıb. Yaranmış vəziyyətə Azərbaycan hökuməti çevik reaksiya verib. Karantin rejiminin tətbiqi və sosial izolyasiya tədbirləri zəruri addım olaraq atılıb.
Karantin rejiminin tətbiqi, iqtisadi fəallığın məhdudlaşdırılması ilə bağlı qərarların qəbul olunması zamanı hökumət sahibkarlara və müəssisələrə müraciət edərək iş yerlərini ixtisar etməməyə və işçilərin əmək haqlarını ödəməyə çağırış etmişdi. Hazırlanmış dövlət dəstəyi mexanizmi bu çağırışlara əməl edən, iş yerlərini və əmək haqlarını qoruyub saxlamış sahibkarlara şamil ediləcək. Fəaliyyətini şəffaf quran, işçilərlə əmək müqavilələri bağlayan, fəaliyyətini “ağardan” sahibkarlar dövlət dəstəyi proqramlarından daha çox faydalanacaqlar. 300 mindən çox işçinin əmək haqqının bir hissəsini dövlət ödəyəcək. Birinci və əhatəli olan proqram 304 min muzdlu işçinin çalışdığı 44 min sahibkarlıq subyektini əhatə edir. Bu proqramın fəlsəfəsi həmin işçilərin əmək haqqının əhəmiyyətli hissəsinin ödənilməsi üçün dövlət tərəfindən maliyyə dəstəyinin təqdim edilməsindən ibarətdir. Hazırda ölkədə 1 milyon 555 min əmək müqaviləsi (muzdlu işçi) var ki, bunun da 915 mini dövlət və neft sektorlarında, qalan 640 mini isə qeyri-dövlət və qeyri-neft sektorlarındadır. Beləliklə, proqramın əhatə etdiyi 304 min işçi bu sektorlarda çalışanların 45 faizindən çoxunu təşkil edir.
Proqramın önəmi ilə bağlı "Sherg.az"a danışan Milli Məclisin İqtisadi, siyasət və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib ki, Prezidentin tapşırığı ilə hazırlanan dövlət dəstəyi proqramları ilk növbədə vətəndaşların sağlamlığını, daha sonra isə bu günkü iqtisadi aktivliyi qorumaq, sahibkarlara kömək etmək və krizisdən sonrakı dövrdə iqtisadi aktivliyi artırmaq məqsədi daşıyır:
“Azərbaycan dövlətinin siyasəti həmişə ardıcıl olub. İlk öncə vətəndaşın sağlamlığının qorunması, daha sonra isə iqtisadi dəstək proqramlarının hazırlanması onu deməyə əsas verir ki, təhlil və dövlət dəstəyi proqramları kifayət qədər düşünülmüş, orta və uzun müddətə əsaslanmış proqramlardır. Artıq İşçi Qrupların biri, yəni İqtisadiyyat Nazirliyi tərəfindən iqtisadi dəstək proqramlarının istiqaməti və əhatəsi ilə bağlı təkliflər elan olunub. Bu proqramın əhatəsi genişdir və təxminən 600 minə yaxın insanı əhatə edir".
Deputat vurğulayıb ki, proqram bir neçə istiqamətdən ibarətdir:
"Əsasən pandemiyadan təsirlənən 44 minə yaxın sahibkarlarla çalışan 304 minə yaxın işçiyə birbaşa yardımın göstərilməsi nəzərdə tutulur. Çünki məhz məhdudlaşma tədbirləri nəticəsində bu qədər sayda insanın həm əmək haqqısının alınmasında, həm də sahbikarlar tərəfindən bu insanlara əmək haqqının ödənilməsində müəyyən çətinliklər mövcuddur. 304 minə yaxın insan qeyri-neft sektorunda çalışan insan sayının 45 faizindən bir qədər çox edir ki, bu kifayət qədər böyük bir rəqəmdir. Əlavə olaraq 292 minə yaxın fərdi sahibkarlara dövlət dəstəyi ilə bağlı proqramlar hazırlanır. Çünki məhdudlaşma tədbirləri həm də fərdi sahibkarların, xüsusən xidmət sektorunda çalışan sahbikarların işinin məhdudlaşmasına gətirib çıxarıb".
Parlamentarinin fikrincə, bunlarla yanaşı vergi güzəştlərində müəyyən imtiyazların verilməsi və sahibkarların banklardan götürdüyü kreditlərdə dövlət dəstəyi mexanizmi ilə bağlı kifayət qədər maraqlı istiqamətlər mövcuddur:
"Pandemiya ilə bağlı təsirə məruz qalan sahibkarların banklardan götürdüyü kreditlərin faizlərində dövlət dəstəyi mexanizminin hazırlanması, xüsusən də sahibkarların götürdüyü kredit faizlərinin 10 faizə qədərinin dövlət tərəfindən ödənilməsi, yeni götürülən kreditlərdə 60 faizə yaxın girovun dövlət tərəfindən zəmanət verilməsi və üç illik götürülən kreditlərdə kredit faizlərinin 50-nin dövlət tərəfindən ödənilməsi ilə bağlı dəstək proqramında olan müddəalar kifayət qədər mühüm əhəmiyyət kəsb edir".
T.Mirkişili bəyan edib ki, bundan başqa, tələbələrin təhsil haqqının ödənilməsi ilə bağlı dəstək proqramları, ipoteka kreditləri və tikinti sektorunun canlanması ilə bağlı dövlət dəstəyi proqramında da xüsusi müddəalar nəzərə alınıb:
"Eyni zamanda, dəstək proqramlarında kommunal ödənişlərdə insanlara ediləcək güzəştlər, daşıma fəaliyyəti göstərən şirkətlərin dəstəklənməsi və stimullaşdırılması ilə bağlı müddəalar da öz əksini tapır. Ümumilikdə dövlət başçısının tapşırığı birinci vətəndaşların sağlamlığını qorumaq, daha sonra bu günkü iqtisadi aktivliyi qorumaq, sahibkarlara kömək etmək və krizisdən sonrakı mühitdə Azərbaycanın iqtisadi aktivliyini artırmaq barədə qısa, orta və uzun müddətli proqramın hazırlanmasıdır. İndiki halda kifayət qədər operativ olaraq bu proqramın hazırlanması və icrası ilə bağlı dövlət başçısının verdiyi tapşırıq onu deməyə əsas verir ki, sahibkarlar dövlət başçısının dəstəyini və qayğısını hər zaman hiss edəcəklər. Çünki məhz bu qayğı və qəbul olunmuş qərarların operativliyi nəticəsində biz bu sınaqdan üzüağ çıxa və krizisdən sonrakı dövrə daha yaxşı hazırlaşaraq gələcəkdə daha çox inkişaf dinamikasına sahib ola bilərik”.