“...Virus bəlası daha uzun çəkərsə, buna hazır olmaq üçün mütləq indi aqrar sektora tam dəstək verilməlidir"
"İndi fermerlərin işi çətindir, rayonlararası hərəkət də məhdudlaşıb".
Bunu "Sherg.az"a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
İqtisadçı bildirib ki, hazırda aqrar sahədə ən vacib dönəmdir - əkin vaxtıdır:
"Toxum, kübrə, texnika lazımdır. Rayonlararası hərəkətliliyin azalması, karantin dönəminin sərtləşməsi aqrar sektora təsir göstərməməlidir. Bu sahədə ciddi iş rejimi qurulmalıdır, indi axsama olsa, əkin ləngisə yayda-payızda nə yeyəcəyik?! Dövlətlər ərzaq idxalını sərtləşdirir. Rusiya taxıl ixracını dövlət icazəsinə bağladı. Digər ölkələr də bənzər addımlar atacaq, buna hazır olmalıyıq. Hələ ki, Dövlət Taxıl Fondunda 3-4 aylıq ehtiyatımız var - bu yaxşıdır. Ümumiyyətlə belə bir fondun yaradılması doğru qərar idi. Amma bu virus bəlası daha uzun çəkərsə, buna hazır olmaq üçün mütləq indi aqrar sektora tam dəstək verilməlidir".
Ekspertə görə, bu il pambığın yerinə taxıl, kartof, soğan, mal-qara üçün yemlik, qarğıdalı əkilməlidir:
"Fermerlərə pulsuz yanacaq, toxum, kübrə verilməlidir. Bu ciddi işdir, ona görə də tez, operativ, effektiv qərarlar alınmalıdır".