“Koronovirusun iqtisadiyyata vurduğu zərəri minimuma endirmək üçün gəlirdən məhrum olmuş şəxslərin təhsil ödənişlərinə dəstək vermək lazımdır”.
Bunu “Sherg.az”a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Ekspert xatırladıb ki, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramı qəbul edilib və bu bu məqsədlə 40 milyon manat ayrılıb.
K.Əsədovun sözlərinə görə, sosial həssas qrup - əmək qabiliyyəti olmayan və ya əlillik statusuna malik olan şəxslər hesab olunur:
“Amma iqtisadi böhran şəraitində bu qrupun çevrəsi bir az da genişlənir. Düşünürəm ki, bizdə də bu tətbiq ediləcək. Yəni sosial həssas əhali qrupuna aid ailədən olan tələbələrin təhsil haqqını dövlət ödəyəcək və bu, yalnız əlilliyi olan şəxslərə şamil olunmayacaq. Ailə üzvlərindən hər hansı biri əlil olmayan, amma uşağı təkbaşına böyüdən və oxudan analar, hər iki valideynini itirmiş tələbələr sosial müavinət alanların siyahısına daxil olunmalıdır. Nəzərə alaq ki, 40 milyon manat vəsait ayrılıb. Ortalama təhsil haqqı 2-2,5 min manatdır. Deməli, azı 16-20 min nəfər şəxsi prosesə cəlb edərək onlara dəstək vermək mümkündür. Bu prosesi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təmin edəcək. Hər hansı məqamı anlamayanlar əlavə məlumat almaq üçün 142 nömrəsinə zəng edə bilərlər”.