“Qlobal şirkətlərin iqtisadiyyatımıza inamı yüksəkdir”

“Növbəti dövrlərdə innovasiyasını daha çox tətbiq edən qeyri-neft sektorları iqtisadiyyatda “driver” rolunu oynaycaq” 




“Prezident İlham Əliyevin iştirakı ilə “Microsoft” şirkətinin rəhbərliyi ilə keçirilən videokonfrans bir neçə aspektdən əhəmiyyətlidir”. 

Bu sözləri “Sherg.az”a açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov deyib. 

Deputat bildirib ki, əvvəla bu, bir daha təsdiqləyir ki, beynəlxalq qurumların, eləcə də aparıcı qlobal şirkətlərin Azərbaycan iqtisadiyyatına inamı kifayət qədər yüksəkdir: 

“Pandemiya zamanı bu cür videokonfransların keçirilməsi postpandemiya dövründə həmin şirkətlərin Azərbaycanla əlaqələrini daha da genişləndirmək istəyindən xəbər verir. Bu isə ölkə iqtisadiyyatına olan güvənin göstəricisidir. Digər tərəfdən konfransda qeyd olunan məsələlər təsdiq edir ki, beynəlxalq təşkilat rəhbərlərinin Azərbaycan liderinə etimadı kifayət qədər yüksəkdir. Məhz bu görüşlərdə, eləcə də digər videokonfranslarda Prezidentin rəhbərliyi ilə aparılan islahatların qiymətləndirilməsi isə ondan xəbər verir ki, bu islahatlar dünyanın aparıcı şirkətləri tərəfindən müsbət qarşılanır. Videokonfrans pandemiya dövründə Azərbaycanın həyata keçirdiyi tədbirləri, o cümlədən sahibkarların dəstəklənməsi ilə bağlı reallaşan islahatlara da beynəlxalq qiymət kimi xarakterizə olunmalıdır”.

V.Bayramov qeyd edib ki, “Microsoft” rəhbərliyi pandemiyaya qarşı Azərbaycanın həyata keçirdiyi tədbirləri, sahibkarların və vətəndaşların dövlət tərəfindən dəstəklənməsi siyasətini xüsusi qiymətləndirib: 

“Pandemiya dövründəki siyasət yalnız Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən deyil, eyni zamanda iqtisadi sferada olan beynəlxalq qurumlar və şirkətlər tərəfindən də yüksək dəyərləndirilir. Görüş bir daha təsdiqlədi ki, Azərbaycan innovasiya və informasiya texnologiyası baxımından regionun aparıcı ölkələrindən biridir. Xüsusən, 4-cü sənaye inqilabi ilə bağlı regional fəaliyyətlərdə Azərbaycanın öndə olması, Davos İqtisadi Forumunun 4-cü sənaye inqilabı üzrə regional mərkəzinim Azərbaycanda yaradılması barədə razılıq ondan xəbər verir ki, Azərbaycan innovasiyanı dəstəkləyən və texnoloji inkişafa töhfə verir. Bu da praktik olaraq innovasiya sahəsində Azərbaycanın regionun aparıcı ölkələrindən biri olması anlamına gəlir. Videokonfrans həm də göstərdi ki, postpandemiya dövründə Azərbaycanda həyata keçirilən islahatlar texnoloji yeniliklərin və iqtisadiyyatın dəstəklənməsinə imkan verəcək. Bu da postpandemiya dövründə Azərbaycan iqtisadiyyatında innovativ dəyərin çəkisinin artmasına və bütövlükdə ölkə iqtisadiyatındakı diversifikasiya meyillərinin güclənməsinə gətirib çıxaraq. Növbəti dövrlərdə innovasiyasını daha çox tətbiq edən qeyri-neft sektorları iqtisadiyyatda “driver” rolunu oynaycaq”.