"Hər bir dövlətin iqtisadi inkişafı ilk növbədə enerji təminatından asılıdır" - İqtisad elmləri doktoru 


Bir neçə gün əvvəl Prezident İlham Əliyev  "Azərbaycan" İstilik Elektrik Stansiyası əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi ilə bağlı tədbirdə iştirak edib.  Bildirilib ki, "Azərbaycan" İES Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilmişdir. Və məhz Ümumilli liderin uzaqgörənliyi nəticəsində Azərbaycan ayaqda dura bilmişdir. 

  "Azərbaycan" İES-in əsaslı yenidənqurmasından sonra yenidən istifadəyə verilməsi ilə  bağlı "Sherg.az"a danışan millət vəkili, iqtisad elmləri doktoru Rüfət Quliyev bunun ölkəmizdə ənənə halını aldığını deyib:



"Cənab prezident il ərzində yüzlərlə qurumun açılışında iştirak edir. Bu da onlardan biri və əlbəttə, ən yaddaqalanlardan idi. Dövlət başçısı məhz belə tədbirlərlə həm də insanlarla təmasda olur, onların qayğıları ilə maraqlandır. Bu ənənənin əsasını Ümummilli lider Heydər Əliyev qoymuşdur. O da həmişə xalqın arasında idi".

 Millət vəkili "Azərbaycan" İES- in yenidən istifadəyə verilməsinin əhəmiyyətini yüksək qiymətləndirib:

"Biz iqtisadiyyatdan danışandan adətən ilk növbədə bank faizləri, sahibkarlığın inkişafı yada düşür. Ancaq bu cür sosial- iqtisadi layihələri də unutmaq olmaz.  İki il əvvəl baş vermiş qəza milli təhlükəsizlik üçün də təhdid idi. Buna baxmayaraq, dövlət başçısının vaxtında verdiyi qərarlar, atdığı addımlar sayəsində mənfi nəticəni, demək olar, hiss etmədik. Bu gün respublikada "Azərişıq", "Azəriqaz" kimi qurumlar öz fəaliyyətlərini uğurla davam etdirirlər, elə "Azərbaycan Dəmir Yolu" QSC-nin işində də böyük irəliləyişlər var. İndi ölkədə işıq, qaz təchizatı ilə bağlı heç bir problem yoxdur. Halbuki iyirmi il əvvəl Lənkəranda işıq cəmi 3-4 saat verilirdi. Qaz isə, ümumiyyətlə, yox idi. İndi "Azərbaycan" İES- in təmiri və yenidən istifadəyə verilməsi təkcə sahibkarlar yox, həm də istehlakçıların ürəyincədir. Bu əlamətdar hadisə eləcə də, iqtisadiyyatın inkişafına təkan verəcək. İqtisadi nəzəriyyələrdə göstərilir ki, hər bir dövlətin iqtisadi inkişafı ilk növbədə enerji təminatından asılıdır. Əgər enerji təminatı kifayət qədər olmasa, iqtisadiyyatın inkişafından söhbət gedə bilməz. Bizdə bu sahənin prioritetlərdən biri  olduğunu mən əminliklə deyə bilərəm". 

R. Quliyev bu cür sosial- iqtisadi layihələrə görə dövlət başçısına minnətdarlığını bildirdi:

"İndi dünyada siyasi mübarizə gedir, iqtisadiyyat çökür. Azərbaycan isə inkişaf yolu ilə irəliyələyir. Bizim bir prinsipimiz var: söz verir, sonra mərhələ- mərhələ vədimizi yerinə yetiririk. Odur ki, mən təkcə öz adımdan yox, 40 min seçicim adından prezidentimizə "çox sağ olun" deyirəm. Seçicilərim mənimlə hər görüşlərində ölkədəki infrastrukturdan danışırlar. Düzdür, bütün qurumların işi eyni səviyyədə deyil. Lakin onların da öz işlərini bu sürətli inkişafa uyğun  quracaqlarına inanıram".