“Vergi güzəştləri çoxlu sayda vətəndaşlarımızı əhatə edəcək”

“Bu, həm pandemiyanın davam edən dövrlərində, həm də 2021-ci il yanvarın 1-nə qədər müddəti əhatə edəcək”



Dünyada koronavirus infeksiyası yayılmağa başladığı ilk dövrdən Azərbaycan çevik və bütün istiqamətlər üzrə ciddi tədbirlər həyata keçirməyə başlayıb. Dövlətin koronavirusla mübarizə sahəsində strategiyası bir neçə istiqaməti əhatə edir. Ölkə iqtisadiyyatının dayanıqlığının təmin edilməsi və əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet məsələlərdən biridir. 

Əhalinin sosial təminatı, iqtisadiyyatın dayanıqlığının təmin edilməsi, sahibkarlara yardım məqsədilə zəruri tədbirlər görüldü. Bu məqsədlərə milyardlarla vəsait ayrıldı. Sosial-iqtisadiyyat sahəsində qısa müddətdə 4 işçi qrupu yaradıldı və onların təklifləri əsasında Nazirlər Kabinetitərəfindən Tədbirlər Planı hazırlanıb təsdiq edildi. Tədbirlər Planının əsas mahiyyəti makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadiyyata dəstək vermək və əhalinin sosial müdafiəsini təmin etmək olub. 

Millət vəkili Vüqar Bayramov “Sherg.az”a açıqlamasında bildirib ki, Azərbaycan pandemiyanın iqtisadiyyata təsirinin azalmasına çevik reaksiya verən ölkələrdən biridir. Parlament üzvü bildirib ki, cənab Prezidentin tapşırığı ilə pandemiyanın təsirlərinin azalması üçün 3 paket hazırlandı. Həmin paketlər iqtisadi və sosial sektor, həm də maliyyə bank sektorunda pandemiyanın təsirlərinin azalması məqsədi daşıyır:



“Bu paketlərdən 4.8 milyon vətəndaşımız faydalana bilib. İqtisadi paket həm də  pandemiya dövründə koronavirusun təsirlərinin azalmasına xidmət edir. Paketin strateji özəlliyi ondan ibarətdir ki, post-pandemiya dövründə sahibkarların dəstəklənməsi siyasəti davam etdiriləcək. Artıq iqtisadi paket çərçivəsində həm muzdla çalışan vətəndaşlar və sahibkarlara, o cümlədən fərdi və mikro sahibkarlara birbaşa dəstək həyata keçirilib. Həmçinin vətəndaşlarımızın əmək haqlarının kompensasiyası üçün 215 milyon manat təsdiq olunub. 80 milyon manat fərdi sahibkarlar üçün iqtisadi paket ayrılıb”.

Deputatın sözlərinə görə, güzəştli kreditlərə çıxış imkanı, eləcə də real sektora yönəldilən subsidiyaların verilməsi həyata keçirilib:

“Martın 10-na qədər götürülən biznes kreditlərə 10 faiz subsidiya tətbiq olunur ki, bu da 1 milyard manatlıq kredit portfelinə 100 milyon manat kompensasiyanın verilməsi anlamına gəlir. Bu da sahibkarların xərclərinin minimumlaşdırılması baxımından vacibdir. 500 milyon manatlıq kredit portfeli sahibkarlara güzəştli kreditlər təklif edəcək. Artıq İqtisadiyyat Nazirliyi tərəfindən elektron kredit portfeli təqdim  olundu. Bu da sahibkarların həmin kreditə çıxış imkanı deməkdir. Beləliklə sahibkarlar üçün yeni imkanlar yaradılıb. Sahibkarların güzəştli kredit götürürək kredit faizlərinin 50 faizinə güzəşt əldə edərək fəaliyyətlərinin genişləndirilməsinə imkan veriləcək”. 

V.Bayramov qeyd edib ki, vergi güzəştləri çoxlu sayda vətəndaşlarımızı əhatə edəcək:

“Bu, həm pandemiyanın davam edən dövrlərində, həm də 2021-ci il yanvarın 1-nə qədər müddəti əhatə edəcək. Xüsusən sabit qəbzlə çalışan sahibkarlar üçün vergi və sosial haqlar orta hesabla 2 dəfə azaldıldı. Əmək və torpaq vergisi sıfırlanıb, kirayə və sadələşmiş vergi dərəcəsi 2 dəfə aşağı salındı. Bu da sahibkarlar üçün daha az vergi ödəməklə vəsaitlərə qənaət baxımından çox vacibdir. Sosial dəstək davam edir. Birinci mərhələdə 600 min vətəndaşımız birbaşa sosial dəstəkdən faydalana bilib.

Növbəti mərhələdə xüsusən karantin zonasında yaşayan vətəndaşlar üçün dəstək davam etdiriləcək. Bu da ondan xəbər verir ki, karantin müddətində dövlət dəstəyini əsirgəməyəcək”.