“Məcburi köçkünlər üçün rekord sayda bina tikiləcək”

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində ölkədə hazırkı vəziyyət, koronavirusla mübarizə sahəsində görülən işlər, Azərbaycanın daxili, xarici siyasət və iqtisadiyyatı ilə bağlı mühüm məqamlara toxunub. Ölkə başçısı bir çox prinsipial məsələlərə dair qəti mövqeyini ifadə edib.
Prezident bildirib ki, Azərbaycan hökuməti birmənalı şəkildə, tərəddüdsüz insanların sağlamlığını prioritet elan edib:
“Heç bir sosial layihə təxirə salınmadı, ixtisar olmadı. 2020-ci ildə büdcə xətti ilə reallaşan sosial layihələr keçən ilə nisbətdə daha təsirlidir. Bu il məcburi köçkünlər üçün rekord sayda binalar tikiləcək, 7 mindən çox köçkün ailəsi yeni mənzillərlə təmin ediləcək”.

Vəziyyəti dəyərləndirən iqtisadçı-ekspert, millət vəkili Vüqar Bayramov “Sherg.az”a açıqlamasında bildirib ki, pandemiya dövründə əhalinin sağlamlığının qorunması və iqtisadiyyatın yaxından dəstəklənməsi siyasəti davam etdirilir:

“Prezidentin yerli televiziyalara müsahibəsində qeyd etdiyi kimi, ölkəmiz koronavirusun təsirlərini azaltmaq üçün mühüm işlər görür. Həm vətəndaşlarımızın sosial təminatının yaxşılaşdırılması, həm də səhiyyə sisteminin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində intensiv fəaliyyət davam etdirilir”.  

Deputat bildirib ki, 800 çarpayılıq xəstəxananın istifadəyə verilməsi və növbəti dövrdə daha 1300 çarpayılıq yeni modul tipli xəstəxananın fəaliyyətə başlayacağı bunu bir daha təsdiq edir:



“Hazırda ölkənin 45 tibbi müəssəsində koronavirus xəstələri müalicə alırlar ki, bu xəstəxanaların 36-sı son dövrlərdə Prezident İlham Əliyevin sərəncamı ilə tikilib. Ölkəmizdə aparılan islahatlar, xüsusən son 6 ildə daha da dərinləşdirilmiş islahat paketi nəticəsində pandemiya dövrünün çətinliklərinə baxmayaraq Azərbaycan iqtisadiyyatı 5 ayın yekunlarına görə, cəmi 1,7 faiz tənəzzülə uğradı. İnkişaf etmiş ölkələr üzrə orta azalma göstəricisi 9 faizdir.

Uzun müddət sürətli artımı ilə fərqlənən Çində pandemiya səbəbindən Ümumi Daxili Məhsul (ÜDM) 7 faizdən çox azalıb. Avrozonada aktivlik pandemiyadan əvvəlki dövr ilə müqayisədə 18 faiz aşağı düşüb.  Göründüyü kimi, Azərbaycan koronavirusun təsirlərini azaltmağa nail olan ölkələrdəndir.  Cənab Prezidentin bəyan etdiyi kimi, pandemiya dövründə ön planda ola məsələ insanların sağlamlığıdır. İtisadiyyat isə ikinci plandadır”.

Parlament üzvü vurğulayıb ki, ölkəmizdə həyata keçirilən strateji siyasət son illər Azərbaycanın maliyyə imkanlarının güclənməsinə səbəb olub:

“Azərbaycanın strateji valyuta ehtiyatları ÜDM-dən çoxdur. Ölkəmiz bu göstəriciyə görə dünyada azsaylı dövlətlərdən biridir. Pandemiyanın davam etdiyi növbəti dövrlərdə də maliyyə imkanlarımız vətəndaşların sosial təminatının gücləndirilməsinə imkan verəcək.

Cənab Prezidentin qeyd etdiyi kimi, 2020-ci ildə neftin dünya bazar qiymətinin aşağı olması və pandemiyanın təsirlərinə baxmayaraq, heç bir sosial proqram təxriə salınmayacaq. Büdcədən maliyyələşən sosial ayırmalar həyata keçiriləcək. Bu il məcburi köçkünlər üçün rekord sayda bina tikiləcək və 7 mindən çox köçkün ailəsi yeni mənzillə təmin olunacaq.

Şəhid ailələri üçün 1500 mənzil istifadəyə veriləcək. Qüsursuz xidmət edən zabitlərə 400 mənzilin verilməsi nəzərdə tutulur. 85 min ailə, yəni, 300 mindən çox insan ünvanlı sosial yardım alacaq. Bu isə ondan xəbər verir ki, pandemiyanın davam edəcəyi halda növbəti aylarda da dövlət dəstəyinin güclənməsini müşahidə edəcəyik”.

V.Bayramov bildirib ki, həmçinin vergi güzəştləri və güzəştli kreditlər paketi təsdiq olunub:

“Bu da sahibkarların həmin paketlərdən istifadə etməsinə imkan verəcək. Dövlət növbəti aylarda təşviqedici paketlər vasitəsilə sahibkarların və vətəndaşların dəstəklənməsini həyata keçirəcək”.

Millət vəkili əlavə edib ki, Azərbaycan bu günə qədər 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib:

“Bu, Azərbaycanın iqtisadi gücünü və humanist siyasətini xarakterizə edən göstəricilərdəndir”.