Qəti mövqe qoyulmalıdır ! - “Dövlət dilində təhsil pulsuz olsun ! - Ödənişlər kəllə-çarxda !

“İldə cəmi 140 milyon manat pul lazımdır ki, ölkədə ali təhsil pulsuz olsun”

“Ödənişli təhsilə düşmüş və kifayət qədər bacarıqlı olan insanlar var ki, təhsil almaqdan imtina edirlər”


Azərbaycan Tibb Universitetində (ATU) təhsil haqqı kifayət qədər yüksəkdir. Bu barədə həkim-pediatr Vaqif Qarayev Feysbuk hesabında "Pulları hazırlayın...bahalaşıb doxdurluq..." başlığı altında paylaşım edib. İllik ödənişlərin baha olduğunu qeyd edən həkim qiymətlərin 4800-5400 manat civarında olduğunu da diqqətə çatdırıb: 
"Stomatologiya - 4800 AZN, Müalicə işi - 5400 AZN, Tibbi profilaktika -4800 AZN, Fizoterapiya və tibbi reabilitasiya - 4800 AZN, Hərbi tibb - 5400 AZN, Tibb bacısı işi - 4800 AZN təşkil edir”.



Ödənişlərin baha olmasına dair fikirlərini “Sherg.az”la bölüşən iqtisadçı Natiq Cəfərli bildirib ki, bəzi xarici ölkələrin ali məktəblərində təhsilin dövlət dilində pulsuz olması trendi başlayıb. N.Cəfərlinin sözlərinə görə, Almaniyada, Fransada dövlət dilində oxuyanlar təhsil haqqı ödəmirlər:

“Bu, Azərbaycanda da  bir hədəf olmalıdır. Dövlət dilində təhsil haqqının ləğv edilməsi tək tibbə yox, bütün sahələrə aiddir. Koronavirusla bağlı problemlər artıqca tibbin nə qədər önəmli olduğu üzə çıxır. Ona görə də ən azından dövlət universitetlərində ilkin olaraq ödənişsiz təhsil önə çəkilməlidir. Dövlət büdcəsinin buna kifayət qədər imkanı var.

İldə cəmi 140 milyon manat pul lazımdır ki, ölkədə ali təhsil pulsuz olsun. 140 milyon manat o qədər də böyük məbləğ deyil. Ödənişli təhsilə düşmüş və kifayət qədər bacarıqlı olan insanlar var ki, təhsil almaqdan imtina edirlər. Səhv etmirəmsə, keçən il 7 minə yaxın tələbə imtina etmişdi. Bəlkə, gələcəkdə onlardan yaxşı mütəxəssisələr yetişə bilərdi”.

İqtisadçı vurğulayıb ki, qiymətlər Azərbaycan reallığına baxanda həqiqətən də çox bahadır:

“Ümumiyyətlə, yanaşma doğru deyil. Universitetlərin böyük əksəriyyətinə dövlət yardımlar edir. Maddi-texniki bazanın möhkəmləndirilməsi üçün əlavə ödənişlər olunur. Onsuz da dövlət bir əlini həmin universitetlərin üzərində saxlayır. Ona görə də ali təhsilin pulsuz verilməsi prioritet olmalıdır. Ən azından hədəf kimi götürülməlidir ki, məsələn, yaxın 3 ildə addım-addım bu hədəfə doğru gediləcək. Dövlət dilində təhsilin pulsuz olması üçün ortaya qəti mövqe qoyulmalıdır.

Kim başqa dillərdə təhsil almaq istəyirsə, onlar pullu ola bilər. Amma dövlət dilində təhsilin pulsuz olması hökümət və Təhsil Nazirliyi tərəfindən elan edilməlidir”.