Kitab niyə bahadır? – “Neft ölkəsində ƏDV-yə ehtiyac duyulur” - Güzəşt istənilir !


Nazim Bəydəmirli: “15 faizlik gömrük rüsumu alınır. Bu isə süni qiymət artımı ilə nəticələnir”

Rafiq İsmayılov: “Vergini, o cümlədən gömrük vergisini xeyli aşağı salmaq lazımdır”



Professor Səlahəddin Xəlilov deyib ki, az pulla böyük sərvət əldə etmək istəyirsənsə, kitab al! Yaxşı kitabın böyük sərvət olması doğrudur. Amma bu gün az pulla kitab almaq mümkün deyil. Yəni hansısa səbəblər az pulla böyük sərvət əldə etməyə imkan vermir. Belə ki, bir kitab almaqdan ötrü ən azı on manatımızdan keçməliyik. Sonra da mütaliəsizlikdən gileylənirik...



 İqtisadçı-ekspert Nazim Bəydəmirli məsələ ilə bağlı “Sherg.az”a danışarkən bildirib ki, bahalıq monopoliya ilə bağlıdır: 

“Bu arzuolunmaz məqama təsir göstərən bir neçə səbəb var. Onlardan ən başlıcası rəqabətsizlikdir. Ölkədə nəşriyyatların sayı çox azdır. Əgər nəşriyyatların, başqa sözlə, bazardakı “oyunçu”ların sayı çoxalsa, qiymət optimallaşacaq. Bununla yanaşı, kitab materiallarının, o cümlədən kağızın, rəngin xaricdən gətirilməsi vəziyyəti daha da çətinləşdirir. Çünki digər MDB ölkələrindən fərqli olaraq, bizdə 15 faizlik gömrük rüsumu alınır. Bu isə süni qiymət artımı ilə nəticələnir. Daxili istehsalı stimullaşdırmaq məqsədilə hökumət müəyyən güzəştlər tətbiq etsə və rəqabətlilik yaransa, oxucuların sayı xeyli artar”. 

 N.Bəydəmirlinin sözlərinə görə, kitabların satış qiyməti maya dəyərinə uyğun deyil:

“Müəyyən məhdudiyyətlərə görə, sahibkarlar izafi xərclərini bu və ya digər formada kompensasiya etməyə çalışırlar. Həmçinin səyyar satışın olmaması, mağazalara yaradılan çətinliklər sahibkarları buna vadar edir. Əslində kitabların maya qiyməti 3-4 manatdan artıq deyil. Onların dəfələrlə baha qiymətə təklif edilməsi isə sadaladığım problemlərlə bağlıdır”.



 Naşir Rafiq İsmayılovun fikrincə isə qiymət və tiraj arasında tərs mütənasiblik var: 

“Tiraj çoxaldıqca, qiymət nisbətən ucuzlaşır. Rusiyadan, Türkiyədən fərqli olaraq Azərbaycanda kitabların tirajı adətən aşağı olur. Nəticədə qiymət bahalaşır. Əlbəttə, 500 nüsxə nəşr olunacaq kitabın bir dənəsinin qiyməti 10 min nüsxə nəşr olunacaq kitabın bir dənəsinin qiymətindən baha olacaq. Bu, birdəfəlik xərclər, o cümlədən redaktor, korrektor, rəssam, dizaynerin əməkhaqqısı ilə bağlıdır”. 

 Naşir, həmçininn vurğulayıb ki, faizlər də qiymətə təsir göstərir: 

“Azərbaycanda nə qədər kitab alınır ki, neft ölkəsində kitab satışının ƏDV-nə ehtiyac duyulur?! Vergini, o cümlədən gömrük vergisini xeyli aşağı salmaq lazımdır. Sözsüz, heç kim kitabı baha satmaq istəmir. Amma buna məcbur olur. Onu da deyim ki, birmənalı olaraq bütün kitabların qiyməti baha deyil. Hər nəşriyyatın öz qiymət siyasəti var”.