2020-ci ilin dövlət büdcəsində dürüstləşmələr aparılacaq


“Cari ilin 6 ayında xam neftin qiymətinin 38 ABŞ dolları təşkil etməsi, OPEC+ sazişi çərçivəsində satış üxrə neft həcmlərinin azalması və koronavirus pandemiyası ilə mübarizə çərçivəsində tətbiq olunması qaçılmaz olan karantin və digər məhdudlaşdırıcı tədbirlərin iqtisadiyyata mənfi təsirlər ilin sonuna həm neft gəlirlərinin, həm də qeyri-neft sektorundan daxilolmaların azalmasını şərtləndirir ”.

APA-nın məlumatına görə, bunu bu gün Maliyyə naziri Samir Şərifov Preziden İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirib.

S.Şərifov deyib ki, bu ilin 6 ayında vergi, gömrük və məcburi dövlət sosial sığorta ödənişləri üzrə daxilolmalar proqnoznun artıq yerinə yetirilməsi nəticəsində formalaşan ehtiyat ilin sonuna kimi xərclərlə gəlirlər arasında gözlənilən natarazlığın aradan qaldırılması üçün kifayət etməyəcək: “Dövlət büdcəsindəki mövcud ehtiyatlar da Sizin müvafiq sərəncamınıza uyğun olaraq pandemiya ilə mübarizə və iqtisadiyyata mənfi təsirlərin azaldılması tədbirlərinə xərclərin optimallaşdırılması yolu ilə yönəldilib. Bununla yanaşı pandemiyanın yaratdığı keyfiyyətcə yeni sosial və iqtisadi davranış mühitinin xüsusiyyətləri, əhalinin həssas sosial qruplarına, dövlət şirkətlərinə, sahibkarlıq subyektlərinə, kiçik və orta biznesə dövlət dəstəyinin göstərilməsinin davam etdirilməsi, səhiyyə sahəsi və digər dövlət ehtiyacları dövlət büdcəsinin icrası ilə bağlı yeni çağırışları formalaşdırır, bununla bağlı əlavə maliyyə təminatının yaradılmasını gündəmə gətirir”.    

Maliyyə naziri cari ilin təsdiq olunmuş dövlət və icmal büdcələrinin xərclərinin prioritetliyinin və ünvanlılığının optimallaşdırılması, yaranmış vəziyyətə uyğun yeni ehtiyacların maliyyələşdirilməsi, dövlət büdcəsinin gəlir və xərcləri arasında tarazlığın təmin edilməsi məqsədi ilə 2020-ci ilin dövlət büdcəsinə yenidən baxılaraq düzəlişlər edilməsinin məqsədəuyğun olduğunu bildirib. 

Prezident İlham Əliyev bildirib ki, neftin qiymətindən asılı olmayaraq təbii ki, büdcə tam icra edilməlidir: “Hesab edirəm ki, bizim buna tam imkanımız çatacaq. Dürüstləşməyə gəlincə, prinsipcə mən buna etiraz etmirəm. Əvvəlki illər də biz dürüstləşmə aparmışdıq. Ancaq gərək bu, əsaslandırılsın. Ona görə də Baş Nazirin rəhbərliyi ilə hökumət üzvləri ilə birlikdə bu məsələləri təhlil edin və mənə konkret təkliflər verin. Hansı həcmdə biz büdcə xərclərimizi artırmalıyıq və biz bundan hansı məqsədlər üçün istifadə etməliyik? Onu da bildirməliyəm ki, büdcə gəlirlərinin artması ilin ilk aylarında baş verib. Biz ili böyük uğurlarla, planlarla başlamışdıq.  Proqnozlardan əlavə həm vergi, həm də gömrük sahəsində artımlar var idi. Aprel, may aylarından artım yavaşlamağa başladı. Yenə də profisit var. Amma qeyd etdiyiniz kimi ilin sonuna qədər bu profisit bizə çatmaya bilər.  Əlavə xərclər oldu. İndi neftin qiyməti bizdə 55 dollar nəzərdə tutulmuşdu, 6 ayda 40 dollardan aşağıdır. Ona görə də bütün bu məsələlər nəzərə alınmalıdır və əminəm ki, bu ilin büdcəsi ilə bağlı hər hansı problem olmayacaq. Gələn ilin büdcəsinə gəlincə, gərək ilk növbədə neftin qiyməti düzgün müəyyən edilsin. Hələ ki, vaxta var. Neft bazarlarındakı vəziyyətə baxaraq biz bunu müəyyən edəcəyik. Elə etməliyik ki, bizim sosial məsələlərdən başqa digər strateji infrastruktur layihələrinin icrası təmin edilsin. Onların arasında su təchizatı, həm içməli, həm suvarma suyu ilə təminat ön plandadır. Ona görə indi planlar hazırlanır, onların texniki, iqtisadi əsaslandırması hazırlanacaq. Ona görə də bu məsələ də mütləq nəzərə alınmalıdır”.