Elməddin Muradlı: “İnkişafın olması yaxşıdır”
2019-cu ilin yanvar-iyul aylarında Azərbaycana 329 mln dollar dəyərində 22 min 882 ədəd nəqliyyat vasitəsi idxal edilib.
Dövlət Statistika Komitəsinin aylıq hesabatına görə, 2018-ci ilin yanvar-iyul ayları ilə müqayisədə avtomobil idxalı say baxımından 2 dəfə, qiymtə baxımından isə 1,6 dəfə artıb.
2019-cu ilin yanvar-iyul aylarında Azərbaycana 289 mln 973 min dollar dəyərində 20 min 800 ədəd avtomobil, 31 mln 443 min dollar dəyərində 1943 ədəd yük avtomobili, 7 mln 497 min dollar dəyərində isə 139 avtobus idxal edilib.
Azərbaycana gətirilən avtomobillərin sayının artmasının səbəbi nədir?
Mövzuyla bağlı “Sherg.az”a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, pandemiya dövründə bir çox ölkələrdə avtomobil bazarları zəifləyir:
“Bunun nəticəsində də qiymətlər ucuzlaşır. Azərbaycana ikinci əl avtomobil gətirənlərin əksəriyyəti salonlardır. Yeni avtomobil gətirənlər də var. Çünki qiymət ucuzlaşdıqca bu fürsətdən səmərəli şəkildə istifadə edirlər. Yəqin ki, pandemiya bitdikdən sonra həmin avtomobillər satışa çıxarılacaq. Görülür ki, indi ticarətin, biznesin belə qaydaları var və insanlar da bu vəziyyətdən yararlanırlar.
2015- 2017-ci illərdə bazarda hədsiz zəifləmə baş verib. 2018-2019-cu ilin əvvəllərindən artıq bazar inkişaf etməyə başlayıb. Bu, dirçəlmənin davamıdır. Dirçəlmənin səbəbi olaraq belə hallar çox müşahidə olunur. İnkişafın olması yaxşıdır. Çünki bazarın çökməsi heç əlverişli deyil. Görünür ki, tələbat var və insanlar da bu inkişafdan bəhrələnirlər”.