Neft yenidən ucuzlaşacaq? - İZAH

“Qarşıdakı həftədə bir sıra ölkələrin öz neft hasilatını artıracağı xəbərləri gələcək”

“Bu, neftin qiymətinin bahalaşmasına bir maneədir”


“Brent” markalı neftin qiyməti 44 dolları keçib. Dünyada neft qiymətləri son bir həftə ərzində ABŞ-ın xam ehtiyatlarının gözlənilməz artımından sonra qalxmağa başlayıb.
Məlumata görə, “Brent” markalı Şimal Dəniz neft qarışığının sentyabr fyuçerslərinin qiyməti 0,27 faiz artaraq, bir bareli 44,41 dollar təşkil edib. WTI markalı neftin sentyabr fyuçersləri 0.31 faiz bahalaşaraq, bir bareli 42,03 dollara çatıb.

Neftin qiymətinin artmasında əsasən iki amilin rol oynadığını deyən Neft Araşdırmalar Fondunun rəhbəri İlham Şaban “Sherg.az”a açıqlamasında bildirib ki, qiymət artımının ilk səbəbi Avropa Birliyi ölkələrində “COVİD-19”un iqtisadiyyata təsirlərinin aradan qaldırılmasına dair razılığın əldə edilməsidir. Ekspert vurğulayıb ki, neftin qiymətinin bu qədər artması, sanki, qazın üstündə qoyulan qazanın altındakı dərəcəsini birə -beş artırmaqdır:

“Amerikada Konqres iqtisadiyyata dəstəklə əlaqədar 1 trilyon dollarlıq yeni paket irəli sürüb. Belə hallar olanda investorlar baxırlar ki, böyük maliyyə yardımları tapılır və bu yardımlar iqtisadiyyata yönəldilir. İqtisadiyyat bu yardımları həzm etməyə başlamalıdır. Həzm etmək üçün də enerji lazımdır. Kapitalizm dünyası Azərbaycanda çox fərqlidir.

Çünki biz hələ faktiki olaraq keçid dövründə və sosializm ab-havasında yaşayırıq. Kapitalizm dünyasında başqa məsələlər var. Real sektor işləyir və maliyyə qurumlarından real sektora çıxış əldə edən kimi bir gün də gözləmədən resurslar iqtisadiyyatda dövr etməyə başlayır. Nəticədə neftin qiyməti artır”.

İqtisadçının sözlərinə görə, dünən neftin qiyməti 44.75dollar  həddində idi. Sonra isə aşağı düşdü, yəni 45 dollara çatmadı:

“Çünki xəbərlər var ki, avqust ayında OPEK hasilatı 2 milyon barel artıracaq. Dünya iqtisadiyyatının bu həcmi necə həzm edəcəyi bilinmir. Neftin qiymətinin artımını sərgiləyən amillərdən biri budur. Ona görə də neftin qiymətinin 45-50 dollar dəhlizinə keçid etməsi çox yaxşı olardı. 

Qarşıdakı həftədə bir sıra ölkələrin öz neft hasilatını artıracağı xəbərləri gələcək. Bu, neftin qiymətinin bahalaşmasına bir maneədir”.