“Ayrılan vəsaitlər mənimsənilib və müxtəlif korrupsionerlərə yem olub”
“Nəticədə vətəndaşlar susuz qalıb”
Prezident İlham Əliyev su təsərrüfatının vəziyyətinə dair videoformatda müşavirə keçirib. Ölkə başçısı müşavirədə mühüm məsələlərə toxunub. Prezident ölkəmizin su probleminə aid vacib məqamları diqqətə çatdırıb.
Dövlət rəhbəri qeyd edib ki, bir çox yerlərdə su xətlərinə qanunsuz qoşulmalar var və bu məsələyə heç kim cavabdehlik daşımır:
“Bu qoşulmalar qanunsuzdur və buna yol vermək olmaz. Mənə gələn məlumata görə, bəzi təsərrüfatlarda lazım olmayan qədər sudan istifadə edilir, ancaq digər təsərrüfatlara su çatmır. Ona görə burada da çox işlək nəzarət mexanizmi olmalıdır, həm viziual, həm elektron nəzarət mexanizmi”.
İqtisadçı-ekspert Nazim Bəydəmirli “Sherg.az”a bildirib ki, uzun illərdir, kənd təsərrüfatı ilə məşğul olan mütəxəssislər “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə (ASC) milyonlarla vəsaitlər ayrıldığını bildirirlər. Ekspertin sözlərinə görə, hətta ildə 700-800 milyon manat ayırmalar olub:
“Bu vəsaitlərin əksər hissəsi mənimsənilir və müxtəlif korrupsionerlərə yem olur. Artezian quyuları müxtəlif bölgələrdə sahibkarlar hesabına qazılır. Sonra da həmin sular Prezidentin sözü ilə desək, “arxası olan sahibkar və fermerlər”in əkin sahələrinə suvarmaya gedir. Nəticədə vətəndaşlar susuz qalır”.
N.Bəydəmirli vurğulayıb ki, Azərbaycan su resurslarına görə müxtəlif ölkələrdən geridə qalır:
“Təəssüf ki, kənd təsərrüfatı da daxil olmaqla su təsərrüfatı uzun müddətdir, eyni adamın rəhbərliyi altında olduğu üçün bərbad gündədir. İllər boyu yüksək səviyyədə mənimsəmələr davam edib.
Nəticə göz qabağındadır. Bunları müzakirə etməliyik ki, problemlər aradan qalxsın. Hətta 2000-ci illərdə məlum idi ki, “Azərsu” ASC-nin kənd təsərrüfatına birləşdirilməsi vacibdir. Məlumdur ki, bir neçə dəfə birləşdirilib sonra ayrılıb. Bu onu göstərir ki, bu sahəyə kompleks yanaşma yoxdur.
Müxtəlif su anbarlarının tikintisinə milyardlarla vəsait ayrılsa da, təəssüf ki, şorlaşma davam edir. Qurunt suları yuxarı qalxır və münbit torpaqlar sıradan çıxır. Təmizlənmə aparılmır ona görə də pis vəziyyət yaranır. Ölkədə rüşvətxorluq, korrupsiya var. Sadalamaqla bitməz. Xoşagəlməz durumlar da buradan qaynaqlanır”