İlin sonuna kimi qızılın qiyməti bahalaşacaq

İnvestorlar vəsaitlərini qorumaq üçün onların bir hissəsini qızılda saxlamağa üstünlük verirlər


Qızılın qiymətində kəskin bahalaşma müşahidə olunur. Nyu-Yorkun “Comex” birjasında qızılın qiyməti 2011-ci ilin sentyabrında qeydə alınmış bir ünsiya üçün 1911,6 dollarlıq tarixi göstəricini yeniləyib.
Birjada Bakı vaxtı ilə 03:51-də qızılın avqust fyuçersi bir ünsiya üçün 1911,7 dollara qədər bahalaşıb.

Bahalaşmanın səbəbini “Şərq”ə şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, qızılın qiymətinin artması dünya iqtisadiyyatında baş verən proseslərlə əlaqədardır. 

İqtisadçı vurğulayıb ki, tarixən qızıl, təlatümlü və iqtisadi böhranlı dönəmlərdə həmişə güvənli liman rolunu oynayıb: “İnvestorlar öz vəsaitlərinin böyük qismini qızıla yatırmağa üstünlük veriblər. Çünki bu il dünya iqtisadiyyatında ciddi geriləmə olacaq. Bu il dünya iqtisadiyyatında 8-10 faiz civarında daralma müşahidə olunur. Bəzi ölkələrdə hətta daralma ikirəqəmli olacaq. Bu da həm qiymətli kağızlar bazarına, həm də iqtisadi proseslərə mənfi təsir göstərəcək. Ona görə də investorlar vəsaitlərini qorumaq üçün onların bir hissəsini qızılda saxlamağa üstünlük verirlər”. 

N.Cəfərli qeyd edib ki, bu gün dünyada qızılın qiyməti real külçənin qiymətindən daha çox qızıl konfraktlarının qiymətinə bərabərdir:

“Qızılın bahalaşmasına digər səbəb dünyada böyük nikbinliyin olmasıdır. Avropa Birliyi ölkələri, Amerika, Yaponiya iqtisadiyyata ümumilikdə 15 trilyon dollarlıq yardım vəsaiti ayırmağı nəzərdə tutur.

Artıq bu vəsaitin yarıdan çoxu ayrılıb və ilin sonuna qədər digər hissəsi də ayrılacaq. Məsələn, gələn həftə Amerikada növbəti dəfə bir trilyon dollarlıq yardım paketi müzakirəyə çıxarılacaq. Vəsaitə çıxış imkanları asanlaşanda və faizlər aşağı düşəndə investorlar əldə etdikləri vəsaitin bir qismini qızıla yatırmağı düşünürlər.

Gözləyirlər ki, bir müddətdən sonra qızılın qiyməti yenə bahalaşsa, satıb daha çox qazanc əldə edəcəklər”.

Ekspert hesab edir ki, dünya iqtisadiyyatında dalğalanmalar və təlatümlü dövrlər davam edənə kimi qızılın qiymətinin artması müşahidə olunacaq: “Ən azı bu ilin sonuna qədər bahalaşmanın olması gözləniləndir.

İqtisadiyyatda çalxalanma azalsa, bu zaman qızılın qiymətində sabitlənmə və ucuzlaşma müşahidə oluna bilər. Amma hələlik ilin sonuna qədər qızılın qiymətinin daha çox artması ehtimalı yüksəkdir”.