Bu günlərdə dövlət başçısı İlham Əliyev Balakən regional "ASAN xidmət" mərkəzinin açılışında iştirak edib. Prezident nitqində bir sıra vacib məsələlərə toxunub. Həmçinin bildirib ki, həmişə olduğu kimi, indi də dövlətin əsas vəzifəsi insanların layiqli həyat şəraitini təmin etməkdir.
Bu gün Azərbaycanda 84 min ailənin ünvanlı sosial yardım aldığı, həmçinin cari ildə 90 min insan üçün ictimai ödənişli iş yerlərinin açılması nəzərə çatdırılıb. O da vurğulanıb ki, ABAD mərkəzlərinin yaradılması özünüməşğulluq proqramının tərkib hissəsidir.
Millət vəkili, iqtisad elmləri doktoru Rüfət Quliyev "Sherg.az"a açıqlamasında Azərbaycan hökumətinin sosial- iqtisadi siyasətinin tarixi köklərə əsaslandığını deyib:
"Ölkəmizdə bu modeldə sosial- iqtisadi siyasətin banisi məhz Ümummilli lider Heydər Əliyevdir. Ulu Öndər postsovet məkanında ilk dəfə olaraq torpaq islahatı keçirib. O, eləcə də, iqtisadiyyatın inkişafına yol açan özəlləşdirmə kampaniyalarına başlayıb və bunu uğurla davam etdirib. Deməli, vətəndaşların rifahı təkcə indi yox, bütün dövrlərdə hökumətin prioritetlərindən biri olub. Ancaq bazar iqtisadiyyatının şərtlərinə görə, aztəminatlı ailələrin olması təbiidir. Hökumət bu istiqamətdə də məqsədyönlü addımlar atır. Təsadüfi deyil ki, pandemiya dövründən əvvəl işsizlərin sayı cəmi 5,2 faiz idi".
R. Quliyevin fikrincə, hökumətin həyata keçirdiyi sosial- iqtisadi layihələr böyük uğurlara yol açır:
"İndi işlək əhalinin 42 faizi kənd təsərrüfatı sahəsində çalışır. Pandemiya dövründə maaş alanların sayı 1 milyona yaxın idi. 600 min insana xüsusi müavinətlər verildi. Yüz minlərlə sahibkara dəstək göstərildi. Bu, həm də postpandemiya çağına hazırlıqdır. Biznesin necə inkişaf etdirilməsi də göz qabağındadır. Əgər şərti olaraq min biznes yeri bağlanırsa, üç dəfə artıq yer açılır. Sadaladığım məqamlar öz növbəsində demoqrafik artımla müşahidə olunur. Çünki ailələr dünyaya uşaq gətirməkdən qorxmurlar. Demoqrafik artım başqa ölkələrdə, o cümlədən Rusiyada miqrantların hesabına, bizdə isə təbii baş verir. Bu, çox böyük göstərici olmaqla yanaşı, dövlətin uğurlu sosial-iqtisadi siyasətinin bariz nümunəsidir. Əlbəttə, sosial problemlər həmişə olub və olacaq. Əsas məsələ onları həll edə bilməkdir".