Azərbaycanın 2020-ci ilin dövlət büdcəsinin gəlir və xərcləri ilə bağlı proqnozlara dəyişiklik edilir. Bununla bağlı “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsində bildirilir. Qeyd olunur ki, 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat, xərcləri isə 27 milyard 492 milyon manat həcmində təsdiq edilsin.
Layihə Milli Məclisin avqustun 4-dən etibarən başlayacaq növbədənkənar sessiyasının iclaslarında müzakirəyə çıxarılacaq. Xatırladaq ki, bundan əvvəl, 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon 500 min manat həcmində təsdiqlənmişdi. Büdcənin xərcləri isə 26 milyard 894 milyon 700 min manat həcmində müəyyən olunmuşdu.
Büdcə xərclərinin artırılmasına dair fikirlərini “Sherg.az”la bölüşən millət vəkili, iqtisad elmləri doktoru Rüfət Quliyev bunun təəccüblü olmadığı qənaətindədir:
“Əlbəttə, belə də olmalı idi. Çünki fors-major situasiya, yəni koronavirus pandemiyası ilə üzləşdik. Bu, xüsusilə səhiyyə xərclərini artırdı. Sözsüz ki, büdcə xərclərinin böyük bir hissəsi səhiyyə sistemi üçün nəzərdə tutulub. Biz vəziyyətin yenidən pisləşəcəyi ehtimalına hazır olmalıyıq”.
R. Quliyev, həmçinin digər xərclərdən də danışıb:
“İndiyədək büdcədə 2 milyard 760 milyon manat kəsir var idi. Pandemiya nəticəsində bu göstərici daha da artaraq, 3 milyard 368 milyon oldu. Büdcə xərclərini yenidən azaltmaq məqsədilə, qeyri-prioritet xərclər də azalacaq. Onu da deyim ki, hazırda neftin bir barelinin qiyməti 35 dollardır. Amma proqnozlara əsaəsn, yaxın gələcəkdə bu rəqəm 40-45 dollar olacaq. Sözsüz ki, bu da bizim xeyrimizədir. İstənilən halda sosial sahənin inkişafı, həmçinin insanların rifahı dövlətin diqqət mərkəzindədir”.