Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin dəyişdirilməsi barədə qərar verib.
Bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib. O, bildirib ki, uçot dərəcəsi 7 faizdən 6,75%-ə endirilməsi barədə qərar qəbul edilib. Faiz dəhlizinin yuxarı həddi 7,25 faiz, aşağı həddi isə 6,25 faiz müəyyən olunub.
İqtisadçı-ekspert Natiq Cəfərli “Sherg.az”a bildirib ki, bank uçotuna dəyişiklik nəticə verməyəcək:
“Dünya ölkələrində uçot dərəcələri ilə kredit faizləri arasında əlaqə var. Bu koordinasiya iqtisadiyyatın tənzimlənməsinə şərait yaradır. Avropada kreditlərin bəzən, hətta mənfi faizlə verilməsi təsadüfi deyil. Azərbaycanda isə analoji təcrübədən istifadə olunmur. Ölkəmizdə 2014-cü ildə uçot dərəcəsi çox az-cəmi 3 faiz idi. Amma kredit 18-20 faizlə verilirdi. Hərçənd ki, bu iki göstərici arasında düz mütənasizblik olmalıdır. Dediyim çatışmazlıqları və uçot dərəcələrinin əvvəllər də bir neçə dəfə aşağı salındığı halda, heç bir nəticə vermədiyini nəzərə alaraq, bu dəfəki dəyişikliyin də effektsiz qalacağını güman edirəm”.