“İctimai iaşə obyektləri, turizm, xidməti, iri alış-veriş mərkəzləri fəaliyyət göstərmir”
“Ona görə də ölkəmizdə işsizliklə bağlı ciddi problem hələ qalmaqdadır”
Ölkəmizdə 190 manat yardımın yenidən verilməsi gündəmə gəlib. Milli Məclisin bugünkü iclasında ödənişlərin avqust ayında da verilməsi müzakirə olunub. Deputatların əksəriyyəti karantin rejiminin uzadılması səbəbindən aztəminatlı vətəndaşların növbəti dəfə 190 manat sosial yardım almasının tərəfdarıdır.
Məlumdur ki, karantin rejimi avqusutun sonuna qədər uzadıldı. Bir çox iş yerlərinin bağlı olması, əhalinin gəlir faizinin aşağı düşməsi baxımından sosial müavinətlərin yenidən verilməsi məqsədəuyğundur. Maraqlıdır, dövlət 190 manat birdəfəlik yardımın növbəti dəfə verilməsini həyata keçirə bilərmi?
İqtisadçı-ekspert Natiq Cəfərli “Sherg.az”a bildirib ki, 190 manat sosial müavinətlər bu ay da verilməlidir. Ekspert qeyd edib ki, karantin rejimi avqustun sonuna qədər yenidən uzadılıb. Bir çox iş yerləri bağlıdır:
“İctimai iaşə obyektləri, turizm, xidməti, iri alış-veriş mərkəzləri fəaliyyət göstərmir. Ona görə də ölkəmizdə işsizliklə bağlı ciddi problem hələ qalmaqdadır. Bu səbəbdən 190 manat yardımın yenidən verilməsi məntiqli olardı. Təəssüf ki, iyun ayında 190 manat yardım 600 min insandan yalnız 284 minə şamil edildi. Digərlərinə verilməməsinin səbibi həmin şəxslərin karantin olmayan bölgələrdə yaşamaları idi. 190 manatın verilməsi ilə bağlı büdcəyə yenidən baxılır. Düşünürəm ki, əlavə qərarların verilməsinə ehtiyac yaranıb. Çünki ölkəmizdə işsizliklə bağlı ciddi problemlər var”.