AZAL-a çox ciddi nəzarət lazımdır” - Səmərəsiz fəaliyyət... ! 

“Ən başlıcası isə təsərrüfatçılığın sıfır səviyyəsinə endirilməsidir”

“Mənfəətin olmamasının iki səbəbi var. Birincisi, ayrılan vəsaitin doğru-düzgün sərf olunmamasıdır. İkincisi, xərclərin şişirdilməsidir”


 Dövlət başçısı İlham Əliyev bu gün keçirdiyi müşavirədə bir sıra vacib məsələlərdən danışıb. Prezident, həmçinin bildirib ki, AZAL-a və Azərbaycan Dəmir Yolu QSC-ə dövlət kifayət qədər vəsait ayırsa da, ortalıqda gəlir yoxdur:
“AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıbdır. Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək? Dəmir yolu da, həmçinin. Yeni xətlər çəkilir, yeni vaqonlar, yeni lokomotivlər alınır, yüz milyonlarla manat vəsait ayrılır. Bəs, bunun səmərəsi haradadır? Axı, səmərə ilə işləməlidir. Biz demirik ki, inkişaf etmiş ölkələrdə bu işlər lazımi səviyyədə tənzimlənir? Orada zərərlə kim işləyər? Ola bilər hansısa strateji sahələrə dövlət tərəfindən dəstək, dotasiya verilir. Lakin bir çox hallarda orada bütün iqtisadi münasibətlər bazar iqtisadiyyatı prinsipi əsasında qurulub. Amma belə çıxır ki, bizdə özəl sektor bazar iqtisadiyyatı prinsipləri əsasında fəaliyyət göstərir, - halbuki dövlət oraya da dəstək verir,  amma dövlət şirkətləri elə bil ki, sosializm iqtisadi modelində işləyir. Bu, dözülməzdir. Ona görə bu istiqamətdə çox ciddi addımlar atılmalıdır. Sizə tapşırıram, dövlət şirkətlərinin işi ciddi təftiş edilməlidir və yeni idarəetmə sistemi qurulmalıdır. Belə davam edə bilməz. Bu nəzarətsizlik bundan sonra davam edə bilməz.” 



AZAL-ın və Azərbaycan Dəmir Yolu QSC-in yarıtmaz vəziyyəti haqqında “Sherg.az”a danışan AZAL-ın keçmiş prezidenti Ədalət Əliyev bunu müxtəlif amillərlə əlaqələndirib: 

“Dövlət başçısı çox düzgün deyib. Mənfəətin əldə olunmamasına təsir edən səbəblər müxtəlifdir. Ən başlıcası isə təsərrüfatçılığın sıfır səviyyəsinə endirilməsidir. Çox ciddi nəzarət lazımdır”.



 İqtisadçı-ekspert Natiq Cəfərli isə bunun səbəbini iki məqamda görür: 

“İllərdir, həmin mövzunu ictimai müzakirəyə çıxarırıq. Mənfəətin olmamasının iki səbəbi var. Birincisi, ayrılan vəsaitin doğru-düzgün sərf olunmamasıdır. İkincisi isə xərclərin şişirdilməsidir.  Məhz bu amillər mənfəətin çıxarılmasına mane olur. Halbuki belə olmalı deyil. Həmin qurumların hər ikisi təbii inhisarçılardır.

Özü də xüsusilə AZAL-ın bazarda rəqibi yoxdur, sadaladıqlarımı nəzərə almaq lazımdır”.