“Həm də o işlər elə adamlara təklif olunur ki, onlar rayonun ucqar kəndində yaşayırlar”
“Bu adamların yol xərci bəzən maaşın yarısından çoxunu aparır. Ona görə də 250 manatlıq işlərə tələbat yoxdur”
“Hər məqamda camaatı günahlandırmaq da düzgün deyil”
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bəzi insanları tənbəllikdə və ya işləmək istəməməkdə qınayıb. O qeyd edib ki, hazırda ölkədə 26 min vakant iş yeri var. Lakin vətəndaşlar işləmək əvəzinə, 190 manatı tələb edirlər.
Nazir müavini qeyd edib ki, 190 manat proqramının ilkin icrası zamanı 200 min şəxs nəzərdə tutulmuşdu:
“Prezidentin tapşırığı il bu say 600 minə qaldırıldı. Mexanizm belədir ki, “Məşğulluq haqqında” qanuna əsasən, işsiz kimi qeydiyyatda olan şəxslərə ödəmələr düşür. Pandemiya dövründə işini itirən şəxslərə də işsiz statusunun verilməsini nəzərdə tutduq. Bundan sonra 16 bölgə üzrə xüsusi sərtləşdirilmiş karantin rejimi tətbiq edildi. Bu da nəzərə alınaraq vətəndaşlara sosial ödənişlər yenidən verildi. 2016-cı ildən həyata keçirilən ictimai işlər proqramını 90 minə qədər qaldırdıq. Vətəndaşlar işləmək əvəzinə daha çox 190 manat üçün müraciət edirlər. Bizim 26 mindən artıq vakant iş yerimiz var. 190 manatla bağlı şikayətlər nazirlik tərəfindən fərdi qaydada araşdırılır. Problemi olan vətəndaş dəvət olunur. Onlara mövcud qanunvericilik çərçivəsində müxtəlif işlər təklif olunur. Amma bir sıra halda vətəndaşlar bu işlərdən imtina edir, 190 manat ödənilməsini tələb edirlər. Məşğulluq Mərkəzi təklif edilən işdən imtina edən vətəndaşı işsiz kimi qeydiyyata almaqdan imtina edir”.
Nazir müavini ilə razılaşmadığını deyən iqtisadçı-ekspert Nazim Bəydəmirli “Sherg.az”a bildirib ki, dövlət iş yerləri açmaqla məşğul olmamalı, əksinə iş yerlərinin açılmasını təşviq etməlidir. Ekspert qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaşlara 250 manatlıq iş təklif edir:
“Bunlar təmizlik və digər işlərdir. Halbuki müxtəlif rayonlarda belə işlərə “kolxoz işləri” deyirlər. Bu işə adətən pensiya yaşında olan və professional iş tapmayanlar üz tutur. Əvvəllər kolxoz işçilərinə müxtəlif sosial güzəştlər edilirdi. İndi isə 250 manatlıq təmizlik işi cavan adamlar, ali savadı olan şəxslər və yaxud elə adamlara təklif olunur ki, onlar rayonun ucqar kəndində yaşayırlar və deyirlər ki, “rayonda belə bir iş var”. Bu adamların gedib-gəlməyi, yol xərci bəzən maaşın yarısından çoxunu aparır. Ona görə də 250 manatlıq işlərə tələbat yoxdur. Bunlar yanlış iş yerləridir”.
N.Bəydəmirli vurğulayıb ki, işsiz vətəndaşlara tender əsasında iş təklif edilməli və onlara normal maaş verilməlidir:
“Adətən rayon və şəhər yerində kolxoz işçiləri müxtəlif icra hakimiyyəti orqanlarının tədbirlərinə toplanırlar. Əslində, onları öz işlərindən daha çox ictimai tədbirlərə aparırlar. Bunlar da insanları bezdirir. Yəni həm iş, həm tədbir yorucu olur. Nazir müavininin dediyi vakant yerlər perspektivi olmayan iş yerləridir və nə dövlət büdcəsinə, nə də insanlara faydası var.
Hesab edirəm ki, bu praktikadan imtina edilməli, belə işlər ləğv edilməlidir. İşsiz olub 190 manat almağa iddialı olan adam haqlıdır. Sosial müavinəti dövlət verməlidir. Çünki dövlətin belə bir öhdəliyi var ki, vətəndaşları yaşayış minimumu ilə təmin etsin.
Fikrimcə, nazir müavininin yanaşması qeyri-professionaldır və iqtisadi əsasları yoxdur. Camaatı hər məqamda günahlandırmaq da düzgün deyil”.