“Vətəndaş müraciət edir və birdən bəlli olur ki, onlara verilən pay torpağı rəhmətə gedən atasının adınadır”
“Və o atasının adından çıxarılmalıdır. Bu da zaman və pul tələb edir”
“Vətəndaşların qarşısına lazımsız baryerlər qoyulmamalıdır”
Millət vəkili Qənirə Paşayeva ünvanlı sosial yardımla bağlı çıxış edib. Hər gün onlarla belə müraciət aldığını deyən millət vəkili problemin kökündə duran məsələdən danışıb:“Tələb olunan sənədlər arasında 1 sənəd çatmayanda vətəndaşa imtina cavabı gəlir. Vətəndaşa bildirilir ki, dünyasını dəyişən valideynin adında olan torpaq ailədən kiminsə adına keçirilməlidir və həmin şəxs özünə vöen hesabı açmalıdır.
Yalnız o zaman ünvanlı sosial yardımdan yararlanmaq mümkündür. Bu proseslərin həlli 1 ailə üçün təxminən 150 manata başa gəlir.
Rüsumlar bahadır və bəzən ünvanlı sosial yardım üçün müraciət edən ailə torpaqla bağlı sənədlərini düzəltmək üçün bu rüsumları ödəyə bilmir və ünvanlı sosial yardımdan da kənarda qalır. Bu da sonda həmin ailələrin narazılığına səbəb olur. Sözügedən problem aradan qaldırılmalıdır.Torpaq sənədləşmələri ilə bağlı insanların ödədiyi vəsaitin ciddi şəkildə azaldılması vacibdir. Bu güzəşt ən azı ünvanlı sosial yardım üçün müraciət edən vətəndaşlara şamil olunmalıdır”.
Xanım deputatın səsləndirdiyi təklifi müsbət qiymətləndirən iqtisadçı-ekspert Fuad İbrahimov “Sherg.az”a bildirib ki, əslində bu məsələni aidiyyəti dövlət orqanları gündəmə gətirməli və sənədləşmə prosesi asanlaşmalıdır. Ekspert söyləyib ki, son vaxtlar 190 manat sosial yardımın verilməsi torpaq sahəsinə dair bəzi problemləri üzə çıxardı:
“Torpaq payının olması ünvanlı sosial yardımın verilməsinə əngəl yaradır. Deyilir ki, vətəndaşın torpağı var və buradan gəlir əldə etməlidir. Torpağı olan şəxs hansısa yardımla bağlı müraciət etməməlidir deyə bir siyasət varsa, o zaman dövlət orqanları zəhmət çəkib bu barədə maarifləndirmə işləri aparmalıdır. Lakin maariflənmə bir günlük yox, daim olmalıdır.
Necə ki, vətəndaş nəqliyyat vasitəsini idarə edəndə bilir ki, qırmızı işıqdan keçmək olmaz. Torpağı olan vətəndaşın da məlumatı olmalıdır ki, torpağa görə ünvanlı sosial yardım ala bilməz. Onda vətəndaş məcburiyyət qarşısında həmin torpağı təyinatı üzrə istifadə edəcək. Təəssüf ki, bu məsələ ölkədə fors-major halının yarandığı bir zamana təsadüf edib”.
İqtisadçının sözlərinə görə, bu gün işini itirən şəxs ünvanlı sosial yardım üçün müraciət edir və birdən bəlli olur ki, onlara verilən pay torpağı rəhmətə gedən atasının adınadır və o atasının adından çıxarılmalıdır. Bu da zaman və pul tələb edir:
“Vətəndaş illər boyu torpaqdan istifadə etmirsə, topağın olmasını bəhanə etmək düzgün deyil. Cənab Prezidentin irəli sürdüyü siyasət, gördüyü işlər, verdiyi qərarlar göz qabağındadır. Ona görə də vətəndaş hansısa dövlət orqanı işçisinin kabinetində oturub bütün səlahiyyətlərini vaxtında yerinə yetirməməsi ilə üzləşməməlidir. Bu gün Azərbaycanın “ASAN” Xidmət kimi bir qurumu var. Getdikcə bu səlahiyyətlər “ASAN” Xidmətə verilməlidir”.
F.İbrahimov vurğulayıb ki, vətəndaşların qarşısına lazımsız baryerlər qoyulmamalıdır:
“Bəli, kiminsə torpağı varsa, onunla bağlı konkret dövət nəzarət orqanları göstəriş verməlidir ki, torpağı təyinatı üzrə istifadə etsin. Vətəndaşın bunları bilməməsi normaldır. Amma dövlət orqanlarının vaxtında vətəndaşa xəbərdarlıq etmək kimi bir borcu var”.