“Xalqımızın sosial rifahının gücləndirilməsi istiqamətində işlər davam etdiriləcək”
Dünyanı cənginə alan koronavirus pandemiyası dönəmində Azərbaycanda “Məşğulluq və sosial rifaha dəstək” tədbirləri təqribən 5 milyon nəfəri əhatə edib. Dövlət sektorunda 900 min nəfərin iş yeri və əmək haqqı qorunub. Özəl sektor üzrə isə 760 min nəfərin işsizliklə üzləşməsinin qarşısı alınıb.
Eyni zamanda işsizlər və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən şəxslərə sosial yardımlar edilib. 190 manat birdəfəlik ödəmə üçün aprel-may aylarında ölkə üzrə 600 min şəxsə 225 milyon manat ödənilib.
Prezident İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirdiyi müşavirədəki tapşırığına əsasən növbəti sosial dəstək tədbiri kimi, avqust ayında sərt karantin rejimi tətbiq edilən 13 şəhər və rayon üzrə190 manat birdəfəlik ödəmə veriləcək. Ödəmə həmin şəhər və rayonlar üzrə 278 min nəfəri əhatə edəcək və bunun üçün 53 milyon manat ödəniləcək.
Məlum addımları yüksək qiymətləndirən millət vəkili Mahir Abbaszadənin “Sherg.az”a açıqlamasına görə, Azərbaycanın apardığı siyasət sosial siyasət olduğu üçün dövlətimizin 2020-il büdcəsi sosialyönümlüdür:
“Büdcə xərclərinə baxsaq, görərik ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlət büdcəsinin xərc hissəsinin 42 faizinə bərabərdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə idi ki, büdcədən ən çox xərclər sosial müdafiənin möhkəmləndirilməsi ilə bağlı olur. Martın 19-da cənab Prezident Sərəncamı ilə ölkəmizdə pandemiyanın ziyan vurduğu sahələrin aradan qaldırılması ilə bağlı olan tədbirlər planına əsasən 600 mindən artıq insan 190 manatla təmin edildi. Eyni zamanda muzdla işləyən işçilərin əmək haqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən verilməkdədir. Mart ayından bu günə qədər ölkədə karantin rejimini tətbiq etmişik. Karantinin qaydalarına uyğun olaraq dövlət sektorunda çalışan 960 min insanın təxminən 80 faizi işə gəlmirlər. Onlar evdə otursalar da, bütün əmək haqqı dövlət tərəfindən təmin edilir”.
Parlament üzvü qeyd edib ki, Azərbaycanda özünüməşğulluq proqramı çərçivəsində ünvanlı sosial yardım alan insanların sayı 85 minə çatıb:
“Təxminən 23 min insan özünüməşğulluq proqramına cəlb edilib. Ölkə başçısının da qeyd etdiyi kimi xalqımızın sosial rifahının gücləndirilməsi istiqamətində işlər davam etdiriləcək”.