Özəl şirkətlərə dövlət dəstəyinin ayrılması daha səmərəli nəticələr verə bilər - Millət vəkili


“Dövlət şirkətləri müntəzəm olaraq büdcədən maliyyələşir. Nəticədə dövlət şirkətlərinin özəl şirkətlərə nəzərən müflisləşmə riski az olur. Görünür, bu, bir sıra dövlət şirkətlərini arxayın salıb”.

Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Parlament üzvü vurğulayıb ki, Prezidentin son müşavirəsində ən diqqətçəkən məqam ölkə başçısının bir sıra dövlət şirkətlərinin fəaliyyətindən narazılığını dilə gətirməsi oldu:

“Prezident “Azərsu”, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, Neft Şirkəti, AZAL ilə bağlı narazılığını bildirdi. Bu şirkətlər həqiqətən də dövlətin gözləntilərini doğrultmur. Halbuki, hər il dövlət büdcəsindən yardımlar ayrılır, eyni zamanda güzəştlər tətbiq edilir. Mövcud pandemiya dövründə bu şirkətlərə vergi, gömrük rüsumu kimi endirimlər edilməsinə baxmayaraq, dövlətin gözləntilərini qarşılamır. Dövlət şirkətləri büdcədən dəstək almamalı, ona dəstək olmalıdır. Ölkədə fəaliyyət göstərən özəl şirkətlərə dövlət dəstəyinin ayrılması daha səmərəli nəticələr verə bilər. Bu gün vergilərimizin 75 faizi özəl sektorda formalaşır”. 

E.Nəsirov vurğulayıb ki, ölkə başçısının vergi sistemində ciddi islahatlar aparması özəl sektorun inkişafına böyük dəstək verdi: 

“Dövlət büdcəsi əsasən özəl sektorda formalaşır. Ölkə başçısının müşavirədə toxunduğu məqamlar və dövlət şirkətlərinin fəaliyyətindən narazılığı iki şeydən xəbər verir. Birincisi, ölkədə bəzi sahələrin özəlləşməsinə ciddi ehtiyac var. Bu sahələr özəl sektorun himayəsinə və ya ölkəyə cəlb edilən xarici investorlara həvalə edilə bilər. Bu isə faktiki olaraq yeni bir özəlləşmə proqramı deməkdir. İkincisi, dövlət şirkətlərinin iş prinsipinə yenidən baxılaraq paralel olaraq özəl sektorun inkişafına da müvafiq dəstək proqramları tərtib edilə bilər”.