Uşaqpulu məsələsi parlamentdə müzakirəyə çıxarılır
Ailə sistemimiz dağılıb gedir. Uşaqpulunun artırılması, aylıq müavinətlərin bərpası demoqrafik cəhətdən və milli genefondun qorunması nöqteyi-nəzərindən son dərəcə vacibdir
Uzun zamandır ictimaiyyətin müzakirə etdiyi uşaq pulu məsələsi parlamentin növbədənkənar sessiyasının sonuncu iclasında yenidən gündəmə gətirilmişdi. Çoxsaylı təklifləri nəzərə alan Milli Məclis bu istiqamətdə addım ataraq uşaqpulu ilə bağlı işçi qrup yaradıb.
Parlamentin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib ki, Milli Məclisin payız sessiyasında xüsusi komitədə uşaqpulu məsələsi müzakirə olunacaq: “Məni də həmin işçi qrupun işində iştirak etməyə dəvət ediblər. Hesab edirəm ki, uşaqpulu çox vacib məsələdir”.
Təşəbbüsü “Şərq”ə dəyərləndirən “Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib ki, məsələ uzun illərdir müzakirə olunsa da, ortada nəticə yoxdur. İqtisadçının sözlərinə görə, dünyanın əksər ölkəsində mövcud olan bir müavinətin Azərbaycanda olmaması başadüşülən deyil:
“İqtisadiyyatı bizdən dəfələrlə zəif, dövlət büdcəsi az olan ölkələrdə uşaqpulu verilirsə, məncə, bizdə də bərpa olunmalıdır. Rusiyada yaşayış minimumu regionlardan asılı olaraq 200-300 manat ekvivalentindədir. Bundan başqa, Rusiyada birinci uşağa bizim pulla götürdükdə 8 min manat, ikinci və sonrakı uşaqların hər birinə 13 min manat, üçüncü uşaqdan etibarən isə ev və ya torpaq sahəsi, həmçinin digər sosial imtiyazlar verilir.
Belarusda birinci uşağa görə yaşayış minimumunun ən yüksək həddinin 5 misli, digər uşaqlara görə isə 7 misli qədər müavinət verilir. Bu da müvafiq olaraq 2000 və 3000 dollar təşkil edir. Bu ölkədə hətta övladlığa götürülən uşağa görə də dövlət müavinəti nəzərdə tutulub. Əkizlərə, üçəm və ya dördəmlərə görə əlavə olaraq hər uşaq üçün 368 rubl (335 manat) birdəfəlik kompensasiya ödənilir.
Özü də ölkə üzrə orta aylıq əmək haqqına bağlı olduğu üçün bu məbləğlər hər il, əksər hallarda isə hər rüb artır. Hətta orta aylıq əmək haqqı azalsa belə, müavinət uşaq doğulandan əvvəlki yüksək məbləğə uyğun hesablanır. Qazaxıstanda birinci, ikinci və üçüncü uşağa görə 300 dollar, dördüncü uşaqdan başlayaraq 515 dollar birdəfəlik müavinət verilir. Ukraynada ailədəki birinci uşağa görə ödənilən məbləğ 1800 dollar, ikinci uşağa 3750, üçüncü və ondan sonrakı uşaqlara görə 7140 dollar nəzərdə tutulur. Eyni zamanda birinci uşağa görə 12 ay, ikinciyə görə 24 ay, digər uşaqlara görə isə dövlət 36 ay müddətində 715 dollar məbləğində müavinət ödəyir”.
Ekspert bildirib ki, əksər ölkələrdə iri məbləğdə birdəfəlik ödəniş, ya da yaşayış minimumu qədər aylıq müavinətlər ödənilir:
“Azərbaycanda belə bir təcrübə olub. Əvvəlki dönəmlərdə əhali artımına nail olmaq üçün çoxuşaqlı ailələrə əlavə güzəştlər verilirdi. Məsələn, onlara avtomobil bağışlanır, növbədənkənar pulsuz mənzil və ya torpaq sahəsi verilir, aylıq “uşaqpulu” ödənilir, “Qəhrəman ana”lar müxtəlif döş nişanları ilə təltif olunurdur. Son illərdə azuşaqlı ailələrin sayı artıb.
Artıq ailələr 1, maksimum 2 uşağa üstünlük verirlər ki, bunun da əsas səbəbi sosial vəziyyət, yəni maddi çatışmazlıqdır. 80-ci illərdə 1 uşaqlı ailələrin sayı 15 faiz ətrafında olurdusa, hazırda bu rəqəm azı 30 faizdir. Azərbaycanda 50 yaşadək olan hər 1000 qadına düşən doğum sayı sürətlə azalmaqdadır.
Ailə sistemimiz dağılıb gedir. Uşaqpulunun artırılması, aylıq müavinətlərin bərpası demoqrafik cəhətdən və milli genefondun qorunması nöqteyi-nəzərindən son dərəcə vacibdir.
Fikrimcə, uşaq doğulanda ödənilən birdəfəlik müavinətin məbləği ilkin mərhələdə hazırkı 200 manatdan ən azı 1000 manata çatdırılmalı, hər uşağa görə ayda minimum 100 manat dövlət yardımı edilməlidir. Ölkəmizin gəlirləri buna imkan verir. İnanıram ki, dövlətimiz yaxın vaxtda bunu reallaşdıracaq”.