"Əsrin müqaviləsi" ölkəmizə sabitlik  və təhlükəsizlik gətirdi


""Əsrin müqaviləsi" kimi adlandırılan məşhur neft müqaviləsinin təntənəli imzalanma mərasimindən 26 il keçir". 
Bunu "Sherg.az"a açıqlamasında Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib.



Partiya rəhbəri bildirib ki, "Əsrin müqaviləsi" ölkəmizin nəhəng transmilli şirkətlərlə birgə neft hasilatı və mənfəətin bölüşdürülməsi barədə sənəddir:

"Müqavilənin şamil olunduğu “Azəri”, “Çıraq”, “Günəşli” yataqları Xəzərin dərin su qatlarında hissəsində yerləşdiyinə görə, o zaman Azərbaycanın bu neftı çıxaracaq texnologiyası, resursları yox idi. Odur ki, Ulu Öndər Heydər Əliyevin siyasi iradəsinin nəticəsində uzun sürən gərgin danışıqlardan sonra Azərbaycanla 6 xarici ölkənin 10 məşhur şirkəti bu müqaviləni imzalayıb. Saziş təxminən 400 səhifədən ibarətdir və 4 dildə hazırlanıb. Bu müqavilə həmin dövr üçün böyük tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adını alıb".

Partiya rəhbərinin sözlərinə görə, "Əsrin müqaviləsi" ilk növbədə Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində və daxili sabitliyin təmin edilməsində olduqca mühüm rol oynayıb:

"Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycandakı daxili siyasi təlatümləri və eləcə də ölkəmizin müstəqilliyi üçün yaranmış xarici təhdidləri xatırlayanlar bu müqavilənin həmin dövrdə ölkəmiz üçün necə böyük əhəmiyyət daşıdığını yəqin ki, inkar etməzlər. "Əsrin müqaviləsi" Azərbaycana xarici sərmayənin gəlməsinə imkan yaratdı, ölkədə yeni iş yerləri açıldı, müasir infrastruktur formalaşdı. Neft gəlirləri sayəsində ölkədə iribüdcəli layihələr həyata keçirildi. Eyni zamanda, məhz bu müqavilənin yaratdığı imkanların nəticəsində Azərbaycan özü də çox qısa müddətdən sonra xarici investor kimi hərəkət etmək, müxtəlif xarici layihələrə sərmayə yatırmaq imkanları əldə etdi. Bütün bunlar danılmaz həqiqətdir və bu fikirlərlə hətta bizim siyasi opponentlərimiz də, müstəqil ekspertlər də razılaşırlar. Belə ki, “Əsrin müqaviləsi” ilk növbədə ölkəmiz üçün iqtisadi mənafelərə yönələn, iqtisadi inkişafa yol açan sənəd kimi böyük əhəmiyyət daşıyır. Eyni zamanda, müqavilə imzalanandan sonra beynəlxalq səviyyədə Azərbaycanın nüfuzunun artması, Azərbaycanla bağlı müzakirələrdə onun mövqeyinin güclənməsi də faktdır".

Ə.Hüsrynovun fikrincə, kimsə bu müqavilənin ölkəmiz üçün, müstəqilliyimiz üçün əhəmiyyətini kiçildə bilməz:

- "Əsrin müqaviləsi" haqqında danışarkən tənqidi fikirlər səsləndirən bəzi siyasi qüvvələr gərək o günləri də yaddan çıxarmasınlar. Həmin vaxt Azərbaycan hansı durumda idi? Biz hansı iqtisadi sıxıntılarla, ictimai-siyasi kataklizmlərlə üz-üzə idik? Bax, ilk növbədə bu suallara obyektiv cavab vermək lazımdır. O dövrdə əsl iqtisadi fəlakət yaşanırdı. Ölkə real müharibə vəziyyətində idi. Mağazalarda çörək tapılmırdı. Paytaxtda və bölgələrimizdə işıq, qaz yox idi. İnsanlar əmək haqlarını, pensiyalarını vaxtında ala bilmirdi. Lakin "Əsrin müqaviləsi"ndən sonra ölkənin sosial-iqtisadi durumunda böyük dəyişikliklər baş verdi. 1994-cü ildə həm Qarabağla bağlı atəşkəs müqaviləsinin, həm də yeni “neft bumu”nun başlanğıcını qoyan “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana “qaranlıq tunel”dən çıxmağa, nəfəsini dərməyə və iqtisadi inkişaf üçün fürsət qazanmağa imkan verdi. Və bu günləri “Əsrin müqaviləsi” nəticəsində əldə etdiyimiz həmin neft gəlirləri Ordumuzun hərbi-siyasi potensialının gücləndirilməsindən tutmuş qaçqın və məcburi köçkünlər üçün yaşayış binalarının tikilməsinə, məktəb və xəstəxanaların açılmasına qədər, ən müxtəlif sahələrdə istifadə olunur".

Ə.Hüseynov bəyan edib ki, bəzi ölkələrin zəngin nefti ehtiyatlarının mövcud olmasına baxmayaraq, lakin həmin ölkələr səfalət içində yaşayırlar:

"O ölkələrdə sabitlik pozulur və neft o ölkələrə fəlakət gətirir. Azərbaycanda isə neft sabitlik gətirir və təhlükəsizliyimizin qarantına çevrilir, dövlətimizin, ordumuzun gücünü artırır. Prezident tamamilə haqlı olaraq qeyd edir ki, “Azərbaycanın müstəqil ölkə kimi yaşamasında, iqtisadi potensialının formalaşmasında neft-qaz amili çox böyük rol oynayır”. Eyni zamanda, neft müqaviləsinin Azərbaycanın Qərbə inteqrasiyasına təkan verməsində və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində olduqca müstəsna rolu olub. Bu həqiqəti heç kim inkar edə bilməz. Odur ki, biz bu gün “Əsrin müqaviləsi”nə və bu müqavilənin nəticələrinə 26 illik zaman məsafəsinin pəncərəsindən nəzər salanda, bu müqaviləni birmənalı olaraq Ulu Öndərimiz Heydər Əliyevin siyasi uzaqgörənliyinin təsdiqi və Azərbaycanın gələcək inkişafına töhfəsi kimi qiymətləndirə bilərik".