Ölkədə neft hasilatı azalır

 Ona görə də qiymətin 70 dollar civarında olması ancaq hasilatın azalmasını konpensasiya edir

“Dəfələrlə vurğulayırdım ki, ölkədə neft hasilatı azalır, ona görə də qiymətin 70 dollar civarında olması ancaq hasilatın azalmasını konpensasiya edir”.

“Sherg.az” xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Natiq Cəfərli deyib. 



Ekspert bildirib ki, bu ilin ilk 6 ayında Azəri-Çıraq-Günəşlidən neft hasilatı keçən ilin ilk 6 ayı ilə müqayisədə aşağı düşüb: 

“Neft hasilatı 12 milyon tondan 11 milyon tona enib. 2020-ci ilə nisbətən belə bir geriləmənin olması OPEC+ anlaşmasına görə deyil. Bu, təbii səbəblərdən, yataqların istismar müddətinin başa çatmaq üzrə olduğundan qaynaqlanır. Çünki, OPEC+ anlaşmasına görə, keçən il Azərbaycan hasilatı azaltmalı idi. Buna baxmayaraq, keçən il ilk 6 ayda 12 milyon ton neft hasil edilib. Bu il isə anlaşmaya görə, Azərbaycan hasilatı bir qədər artıra bilərdi, amma bu baş vermədi, əksinə, 6 aya 1 milyon ton hasilat azaldı. Daha bir maraqlı məlumat odur ki, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) bu ilin ilk 6 ayında SOCAR-a 1,6 milyard kub metr pulsuz səmt qazı verib. SOCAR isə pulsuz aldığı qazın qiymətini əhali üçün artırdı, limitin azalması qiymət artımı deməkdir. Azərbaycan əhalisi ildə 4-5 milyard kub metr təbii qaz istehlak edir. Onun da 3 milyard kub metrini ABƏŞ havayı verir..”