İlk sınaq, ilk uçuş...

Vüqar Bayramov: "Cəmi 4 aya Füzuli hava limanının ilkin infrastrukturu formalaşdırılıb"

Eniş-uçuş zolağı hazır olan Füzuli Beynəlxalq Hava Limanında ilk sınaq uçuşu həyata keçirilib. Hava limanında müntəzəm reyslərin yerinə yetirilməsi məqsədilə radiotexniki vasitələrin hazırlığının yoxlanılması üçün xüsusi hava gəmisilə həyata keçirilən uçuşlar avqustun 20-də başlayıb. Uçuşlar həftənin çərşənbə gününə, ayın 25-nə kimi davam edəcək. Füzuli aeroportu regionda ən qısa zamanda inşa edilən Beynəlxalq Hava Limanlarından biridir. Məlumata görə, bu ilin əvvəlində inşaatına başlayan hava limanında artıq gələn ay ilk uçuşları həyata keçirmək mümkün olacaq. 




Millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov “Şərq”ə bildirib ki, may ayında bölgəyə səfər edərkən hava limanında işlərin intensivliyini müşahidə edib. Deputatın sözlərinə görə, bu ilin may ayında sadəcə torpaq sahələrindən ibarət olan ərazi artıq eniş-uçuş zolağına çevrilib:

“Cəmi 4 aya yaxın müddətdə hava limanının ilkin infrastrukturunu əsaslı şəkildə formalaşdırmaq mümkün olub. Hava limanı uzunluğu 3 km, eni 60 metr olan uçuş enmə zolağı, 60 min kv metrlik 8 hava gəmisinin dayanması üçün sahə, sərnişinlərə xidmət göstərən terminal, hava gəmilərinin idarə edilməsi üçün qüllə, transformator yarım stansiyası, qazanxana, su anbarı və başqa köməkçi tikililərdən ibarət olacaq. 1 saatda 200 sərnişinə xidmət edə biləcək. Füzuli hava limanı işğaldan azad edilmiş ərazilərimizə xarici turistlərin gəlməsi baxımından olduqca faydalıdır və yeni imkanlar yaradacaq.

Nəzərə alsaq ki, Qarabağın incisi hesab olunan və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gəlmək istəyən xarici turistlərin sayı kifayət qədər çoxdur. Füzulidə hava limanının tikilməsi imkan verəcək ki, həmin turistlər daha sərfəli və qısa yolla, praktik olaraq birbaşa işğaldan azad olunan ərazilərimizə səfər edə bilsinlər.

Bu amil işğaldan azad edilmiş ərazilərimizə eləcə də Füzuli rayonuna gələcək turistlərin sayına müsbət təsir göstərəcək. Daha çox turistin ölkəmizə gəlməsinə imkan yaradacaq”.

V.Bayramov qeyd edib ki, hava limanı yükdaşımalar, xüsusən də beynəlxalq yükdaşımalar üçün vacib əhəmiyyət kəsb edir:

“İşğaldan azad edilmiş ərazilərimizin sənaye potensialını nəzərə alsaq, Füzulidə açılacaq hava limanı həm də həmin ərazilərdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxmından vacibdir. 2020-ci il oktyabrın 17-də işğaldan azad olunan Füzuli rayonu artıq bərpa və quruculuq mərhələsinə qədəm qoyub. Tezliklə Qarabağ səmasında havaya qalxan təyyarələr beynəlxalq uçuşlar həyata keçirəcəklər”.