Qatarda dəhşət saçdı

Əli bıçaqlı adam 17 nəfəri yaraladı

“Şərq” xarici mediaya istinadən bildirir ki, “Batman” filminin mənfi “qəhrəmanı” kimi geyinmiş bir nəfər Tokio şəhərkənarı qatarını qana boyayıb. Əlinə bıçaq almış adam bir anda ortaya çıxaraq qarşısındakı hər kəsə hücum edib, 17 nəfəri yaralayıb. Sonra da əlindəki maddəni (hidroxlorik asit imiş) vaqonun salonuna tökərək atəşə verib. 

Hadisə dünyanın ən çox sərnişin olan stansiyası Shinjukuya hərəkət edən Keio ekspress xəttində baş verib.  Hadisə dünyanın bir çox  ölkələrində qeyd edilən və haqlı təpkilər alan “Cadılar bayramı”  günü olub.  Qatarda dəhşət saçan adamın görünüşünə görə, şahidlərdən bəziləri onun 24 yaşında, bəziləri isə 60 yaşlı olduğunu söyləyir. Şahidlərdən biri “sanki heç nə hiss etmirdi. 

Əlində bıçaq vardı, sonra da laqeydcəsinə vaqonun salonuna maddə tökməyə başladı. Bunları sakit, həyəcansız edirdi. Bu, hər kəsi qorxutdu”, deyib.  Adam hadisə yerində fövqəladə hallar əməkdaşları tərəfindən zərərsizləşdirilib. 

Barəsində istintaq başlanıb. Şəxsin bu qanlı hadisəni hansı səbəbdən törətdiyi bilinmir. İstintaqa ifadə verən adam “insanları öldürüb ölüm cəzası almaq istəyirəm”, söyləyib. Və deyib ki, bir müddət əvvəl başqa bir qatarda baş vermiş bıçaqlanma hadisəsindən nümunə götürüb. Tokio televiziyasında hadisənin baş verdiyi anlar nümayiş olunub. Sərnişinlər yanan vaqondan dəhşət içində, bağıraraq pəncərələrdən atlayaraq qaçıb canlarını qurtarmağa, polislər, xilasedicilər, təcili yardım həkimləri yaralı sərnişinləri xilas etməyə çalışır. 

Dəhşətli hadisə dünən sosial şəbəkələrdə yayılıb. Bütün dünya insanların necə cəhənnəm yaşadığını izləyib.