Bu gün 2022-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı Milli Məclisin Ailə, qadın və uşaq məsələlıri komitəsinin sədri Hicran Hüseynova çıxış edib. Belə ki, o Azərbaycanda Aliment Fondunun yaradılması təklifini irəli sürüb. "Aliment Fondu büdcəyə yük olmayacaq, təklif edirəm ki, belə bir fond yaradılsın. Bu fond uşaqların müdafiəsi baxımından da önəmlidir"-deyə H.Hüseynova əlavə edib.
H.Hüseynova onu da bildirib ki, Azərbaycanda atalıq məzuniyyəti ödənişli olmalıdır: "Təklif edirəm ki, atalıq məzuniyyətinin ödənişli olması məsələsi büdcədə nəzərdə tutulsun".
Təklifi "Sherg.az"a dəyərləndirən iqtisadçı-ekspert Fuad İbrahimov deyib ki, bu fondun yaradılması milli dəyərlərə uyğundur:
"Alimentlə bağlı cəmiyyətdə müəyyən boşluqlar var. Valideynin borcunu yerinə yetirmək kimi bir məsuliyyəti olmalıdır. Azərbaycanda istər övlada, istərsə də valideynə qarşı xüsusi münasibət göstərilir. Təəssüflər olsun, aliment ödənişinə dair çətinliklər mövcuddur. İcra məmurunun işi-gücü yalnız buna həsr olunub.
Fondu yarada bilsək, böyük yükün altından çıxmış olarıq. Ən azından cəmiyyətdə olan aqressiyanın qarşısını ala bilərik".