Hibrid avtomobillərin qiymətləri ucuzlaşacaq

ƏDV-nin götürülməsi bu avtomobillərə marağı artıracaq

Gələn ildən “Vergi Məcəlləsinə” ediləcək dəyişikliklərdən biri də istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışının növbəti 3 ildə Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilməsidir. Dəyişikliklərə əsasən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı da ƏDV-dən azad ediləcək. Eyni zamanda, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı da 3 il müddətinə sözügedən vergidən azad olunur.

Millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov hesab edir ki, sözügedən dəyişikliklərdən sonra istehsal ili köhnə olmayan hibrid avtomobillərin qiymətində azalamlar olacaq: “ƏDV-dən azad olma onların xərcinin orta hesabla 18 faiz azalmasına gətirib çıxaracaq. Hazırda Yaponiya istehsalı olan hibrid avtomobillərdən daha çox istifadə olunduğunu nəzərə alsaq, həmin maşınların qiymətlərində azalmaların olacağı qacılmazdır. Söhbət təbii ki, son 3 ildə istehsal olunan avtomobillərdən gedir. Digər tərəfdən, son dəyişikliklərin qəbul olunması hibrid avtomobillərə də tələbin artmasına gətirib çıxaracaq. Elektrik mühərrikli avtomobillərin də vergidən azad olunması müsbət haldır. Bu, ölkəmizdə həmin avtomobillərdən istifadəyə marağı artıra bilər”.