5 ildən sonra bütün sahələrdə inkişafı müşahidə edəcəyik


Qarabağ regionunun məhsuldar torpaqları, suvarma imkanlarının geniş olması imkan verəcək ki, bölgə qısa zamanda Azərbaycan iqtisadiyyatına inteqrasiya edə bilsin

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

   İşğaldan azad olunan ərazilərin təbii ehtiyatları, xüsusilə kənd təsərrüfatı potensialı ölkəmizin iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Artıq bu torpaqlarda kənd təsərrüfatının inkişafı ilə bağlı işlərə başlanılıb. Vaxtilə Qarabağda təsərrüfat sahibi olan sakinlər qayıtdıqdan sonra görəcəkləri işlərin planını qururlar. İşğaldan əvvəlki dövrdə Qarabağ ərazisi yüksək kənd təsərrüfatı göstəricilərinə malik idi. Ölkədə taxıl, pambıq, üzüm, ət və süd, yun və barama istehsalının çox hissəsi həmin ərazilərin payına düşürdü. 

İndi regionun aqrar sahədə əvvəlki şöhrətinə qaytarılması üçün hazırlıq işləri görülür. Məskunlaşma prosesi başlayandan sonra kənd təsərrüfatı ilə məşğul olacaq sakinlərin aqrar texnika, toxum, gübrə və digər lazımi vasitələrlə təmin edilməsinə dair planlar hazırlanıb. Bölgədə ixracyönümlü kənd təsərrüfatı məhsullarının istehsalı üçün böyük potensial var. Ümumilikdə, işğaldan azad edilən ərazilərimiz hesabına növbəti illərdə əkin balansı xeyli artırılacaq. Sözügedən ərazilərdə kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət başçısının tapşırıqlarına uyğun olaraq işlərə başlanılıb. Kənd Təsərrüfatı Nazirliyi “Azərkosmos” ASC ilə birlikdə faktiki əkinaltı torpaqların da peyk təsvirləri əsasında xəritələşməsini aparıb. Ölkədə kənd təsərrüfatının inkişafına gəlincə, ötən il bu sahə üzrə 2 faiz artım olub. Fermerlərin kənd təsərrüfatı texnikasına tələbatını ödəmək məqsədilə 100-dən çox özəl şirkət vasitəsilə 3 min fermerə 7260 kənd təsərrüfatı texnikasının verilməsi, həmçinin, 8758 baş damazlıq heyvanın satışı maliyyələşdirilib. 2020-ci ildə 3400-dən çox fermerə mikrokreditlər verilib. 

   Digər bir məlumata görə, Ağdam rayonundakı əkin sahələri işğaldan azad edilən su mənbələri vasitəsilə suvarılacaq. Bunun üçün aidiyyəti qurumlar tərəfindən hazırlıq prosesi gedir. 44 günlük Vətən müharibəsinə kimi Ağdamın Azərbaycanın nəzarətində olan ərazilərində əkin sahələrinin suvarılması prosesi uzun vaxt aparırdı. Xaçınçay və Ağdamkənd su anbarları Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğundan suların qarşısı kəsilmişdi. 30 ildir fermer kimi fəaliyyət göstərən Yaşar Abbasov bildirib ki, işğal müddətində fermerlər öz əkin sahələrini subartezian quyuları vasitəsilə suvarıb: “Mənfur düşmən 30 ilə yaxın idi ki, torpaqlarımızı işğal altında saxladığından həmin ərazilərdə yerləşən su mənbələrimizdən bizə su gəlmirdi. Nə Xaçın çayı gəlmirdi, nədə ki, Qarqar çayı. Hamısının qabağını kəsmişdilər. Vəziyyətimiz elə də yaxşı deyildi. Hazırda bu problem aradan qaldırılır. Ali Baş Komandan İlham Əliyevin və Müzəffər Azərbaycan Ordusunun şücaəti sayəsində torpaqlarımızın işğaldan azad edilməsi və o ərazilərdə olan su mənbələrinin geri alınması artıq fermerlərin də işini asanlaşdırıb”. Fermer Elşən Orucov da deyib ki, onun 70 hektara yaxın əkin sahəsi var və illərdir ki, əkinçiliklə məşğul olur: “Pambıq əkirik, taxıl əkirik, yonca əkirik. Düzdür, əvvəllər suvarma sularımızda bir az qıtlıq yaşanırdı. 44 günlük Vətən müharibəsi zamanı bizim Ağdam rayonu da işğaldan azad edildi və Ağdamda yerləşən böyük su anbarlarımız - Xaçınçay su anbarı, Ağdamkənd su anbarı düşmənin nəzarətindən çıxdı. İnşallah bu su anbarları tam istifadəyə veriləndən sonra biz fermerlərin əkin-biçin işləri hamısı asan olacaq. Çünki indiyə kimi əkin sahələrimizi subartezian quyularının hesabına suvarırdıq. Burda növbələr yaranırdı. Nəticədə su qıtlığı yaşanırdı”.

   Ekspertlər də qeyd ediblər ki, işğaldan azad edilən ərazilərdə olan su mənbələrindəki suyun tərkibinin meneral maddələrlə zəngin olması əkin prosesində yüksək məhsuldarlığın əldə olunmasına şərait yaradacaq.

 İşğaldan azad edilən ərazilərdən gələn sular, artezian suyundan çox keyfiyyətlidir. Artezian sularının tərkibində duzluluq olduğundan məhsuldarlığı aşağı salır. Ancaq təbii su mənbələrindən gələn suların tərkibi meneral maddələrlə zəngin olduğundan həm məhsul üçün, həm də torpaq üçün daha faydalıdır. Vurğulanıb ki, hazırda Ağdam Mexaniki Suvarma İdarəsi 35 min 400 hektar kənd təsərrüfatı bitkilərinin suvarılmasına və eləcə də 75 min nəfər əhalinin içməli və məişət suyuna xidmət edir. Hazırda idarənin balansında 986 subartezian quyusu, 4 nasos stansiya, 4 suyığıcı göl, 192 hidrotexniki qurğu və 365 kilometr suvarma kanalları mövcuddur. Həmin subartezian quyuları 120, 65, 40 kub həcmində su verən subartezian quyularıdır. İllər öncə həmin subartezian quyularının məhsuldarlığı çox olub. Lakin torpaqlarımız işğal altına düşdüyündən, mənfur düşmənlərimiz torpaqlarımız kimi su mənbələrimizi də işğalda saxladığından sonralar ciddi problemlər üzə çıxıb. Hazırda idarənin balansında olan Xaçınçay su anbarının həcmi 23 milyon kubmetrdir. Həmin Xaçınçay su anbarı bir dəfəyə 8 min hektar sahəni suvarma gücünə malikdir. Bu da il ərzində 4 dəfə suvaranda 32 min hektar əkin sahəsinin suvarılmasını təşkil edir. Eyni zamanda Qarqar çayından qidalanan Ağdamkənd su anbarı var ki, onun da 4 milyon kubmetr həcmi var və 3 min hektar torpağın suvarılmasına xidmət edir. Bu su anbarlarının bərpa olunması üçün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən tədbirlər planına uyğun olaraq, əsaslı işlər aparılır. 

   İqtisadçı Fuad İbrahimov “Şərq”ə deyib ki, SSRİ dövründə Qarabağda formalaşmış kənd təsərrüfatı müəssisələri fəaliyyət göstərirdi. Ekspertə görə, bölgə taxılçılıq, üzümçülük, heyvandarlıq, tütünçülük və demək olar ki, kənd təsərrüfatının bütün sahələri üzrə iqtisadi dövriyyəyə cəlb olunmuşdu: 

“Sovet vaxtında Qarabağda qabaqcıl müəssisələr, sovxoz və kolxozlar çox idi. Ermənistan 30 illik işğal dövründə ərazilərimizdəki bütün infrastrukturu məhv edib, yararsız hala salıb. Lakin torpaqlarımız işğal altında deyil və aylardır Qarabağda sürətli quruculuq işləri həyata keçirilir. Hökumətin əlində Qarabağın iqtisadi, geoloji xəritəsi var. Bölgənin bütün xüsusiyyətləri, burada kənd təsərrüfatının hansı sahəsinin daha çox gəlir və fayda gətirəcəyi məlumdur. Qarabağda kənd təsərrüfatı sahəsində digər regionlarda tətbiq olunmuş, sınaqdan çıxmış innovativ resurslardan geniş istifadə olunacaq. Qarabağ regionunun məhsuldar torpaqları, suvarma imkanlarının geniş olması imkan verəcək ki, bölgə qısa zamanda Azərbaycan iqtisadiyyatına inteqrasiya edə bilsin. Təxminən, 5 ildən sonra bölgədə qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişafını müşahidə edəcəyik”. 

F.İbrahimov vurğulayıb ki, sovet dövründə Qarabağda geoloji tədqiqat işləri aparılıb:

 “Bölgədə kifayət qədər zəngin geoloji-mineral yataqlarımız mövcuddur. Bunlar tikinti sektorunda işimizə yarayacaq və inşaat materiallarının istehsalına ciddi təkan verəcək. Araz vadisi, Zəngilan, Cəbrayıl istiqamətində də təbii sərvətlərimiz çoxdur. Bölgədə mərmərləşmiş əhəng daşı, yanmayan xüsusi bioloji minerallar var. Bunlar zamanla iqtisadi dövriyyəyə cəlb olunacaq”.