Millət vəkili: “Ukrayna MDB-də Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır”

“Ukrayna MDB-də Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır”. 

Bu sözləri “Sherg.az”a açıqlamasında millət vəkili Vüqar Bayramov deyib. 

Deputat bildirib ki, 2020-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 771 milyon 500 min dollar olub: 

“2019-cu ildə isə bu göstərici 807 milyon 610 min dollar olmuşdu. Pandemiya rəğmən iki ölkə arasındakı ticarət dövriyyəsi 2020-ci ildə cüzi azalıb. Qeyd edək ki, son 4 ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 2.3 dəfə artıb. 2016-cı ildə ölkələr arasında idxal və ixrac cəmi  331 milyon 215 min dollar idi. Ukrayna son illər qardaş Türkiyə ilə də iqtisadi əlaqələri gücləndirib. Türkiyə ilə Ukrayna arasındakı ticarət dövriyyəsi ötən ilin ilk 9 ayında 50 faiz artaraq 5 milyard dollara çatıb. İllik dövriyyə artıq 6 milyard dollara yaxınlaşmaqdadır. Tərəflər yaxın illər üçün illik 10 milyard dollarlıq ticarət dövriyyəsi hədəfləyirlər. Azərbaycan və Ukrayna eyni zamanda Avropa Birliyinin Şərqi Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlıq edirlər. Hər iki ölkə ərazi bütövlüklərini qarşılıqlı olaraq hər zaman tanıyaraq strateji əməkdaşlıq tarixinə malikdirlər. Tərəflər arasındakı iqtisadi əməkdaşlığın növbəti illərdə daha da güclənəcəyi gözlənilir”.